Bayram Məmmədovun cəsədinin Türkiyədə dənizdən tapıldığı bildirilir

Son iki gün dostları ondan xəbər ala bilməyib

İctimai fəal Bayram Məmmədovun Türkiyədə vəfat etdiyi haqda məlumat yayılıb. Onun cəsədinin dənizdən çıxarıldığı bildirilir. Hazırda Türkiyədə olan Meydan TV əməkdaşının verdiyi məlumata görə, dostları məlumatı polisdən alıblar. Dostları deyir ki, mayın 2-dən etibarən ictimai fəaldan xəbər ala bilməyiblər. Onun harada olması haqqında məlumatları olmayıb. Axtarış üçün polisə müraciət etdikdə isə onun ölüm xəbərini alıblar. Bayram Məmmədovun hansı şəraitdə dənizə düşdüyü hələ məlum deyil. Onun cəsədinə də yaxınları tərəfindən baxış keçirilməyib. Yalnız cəsədin fotosu polis tərəfindən dostlarına göstərilib və Bayram Məmmədov olduğu aydınlaşıb.

Bayram Məmmədov Qiyas İbrahimovla birlikdə 2016-cı il mayın 10-da keçmiş prezident Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək” və “Fuck the system” sözləri yazdıqdan sonra həbs olunub. Rəsmi açıqlamada deyilirdi ki, Bayram Məmmədovdan 2.904 qram, onun evindən isə 1 kiloqram 150 qram heroin aşkar edilib. Qiyas İbrahimovdan 2.607 qram, onun yaşadığı evdən isə 1 kiloqram 10 qram heroin tapılıb. Bakı Ağır Cinayətlər Məhkəməsi 2016-cı il oktyabrın 25-də Qiyas İbrahimovu, həmin il dekabrın 8-də isə Bayram Məmmədovu 10 il azadlıqdan məhrum edib. Hər iki gənc beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınıb.

Onlar 2019-cu ilin martında İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıblar.

Bayram Məmmədov bir müddət idi ki, Türkiyədə yaşayırdı.