“Bayden gözünü Putinə zilləməlidir” – “Bloomberg”

ABŞ-ın “Bloomberg” agentliyinin saytında “Putin Ukraynanı diqqətlə izləyir. Bayden gözünü ona zilləməlidir” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllfi Ceyms Stavridisdir.

Məqalədə deyilir ki, Rusiyanın öz qoşunlarını qərb sərhədlərində cəmləşdirməsi ya ABŞ-ın sanksiyalarına qarşı yönəlmiş bir hiylə, ya da dünyada növbəti geosiyasi böhrana işarədir: “Rusiya 20 min hərbçisini Ukrayna sərhədi boyunca yerləşdirib. Görəsən prezident Vladimir Putin müxalif siyasətçi Aleksey Navalnını zəhərləməsinə və həbs etməsinə, eləcə də ABŞ-a qarşı apardığı kiber hücumlara görə tətbiq olunan sanksiyaları əngəlləmək üçün Vaşinqtonu sınağamı çəkir? Bəlkə Putin həqiqətən yenə müstəqil dövlətin ərazisinə soxulub ondan bir-iki parça qoparmaq istəyir? Bəs Cozef Bayden administarsiyası növbəti beynəlxalq hüquq pozuntusunun qarşısını necə alacaq?”

Məqalənin müəllifi 2013-cu ildə özünün Ukraynaya səfərindən söz açır. O,  Kiyevdə yüksək səviyyəli bir sıra görüşlərdən sonra Krım yarımadasında strateji əhəmiyyətli hərbi dəniz bazasına getdiyini və orada Ukrayna Hərbi Dəniz Qüvvələrinin baş komandanı ilə görüşdüyünü xatırladır: “Bizə XIX əsrdə Krım müharibəsinin getdiyi bir neçə meydanı, o cümlədən Britaniyanın məşhur hücum əməliyyatını keçirdiyi məkanı görmək də qismət oldu. Bir zamanlar ən böyük güclərin – İngiltərə, Fransa, Osmanlı və Rusiya imperiyalarının Qara dənizə çıxışı olan bu kiçik ərazi uğrunda qanlı müharibə aparması o vaxt məndə istehza doğurmuşdu”.

Müəllifi yazısında 2013-cü il səfəri zamanı bir yandan xoşsifət, o biri yandan qayğılı görünən dəniz komandirinin – admiralın Rusiya hərbi gəmilərinin Sevastopol limanında olmasından necə şikayətləndiyini də yada salır. Onda admiral belə deyibmiş: “Bir gün ruslar bizim bazamızı ələ keçirəcəklər. Bütün ölkəni əlimizdən almayacaqlarsa, demək, bəxtimiz gətirib”.

Ceyms Stavridis yazır: “O vaxt mən dəniz komandirinin panikaya meyilli adam olduğunu düşünmüşdüm. İndi anlayıram ki, biz Putini dayandırmaq üçün yetərincə ölçü götürməmişik. Bundan dərs çıxarmalı və 2014-cü ildəki situasiyanın təkrarlanmaması üçün daha güclü səy göstərməliyik”.

Məqalədə deyilir ki, Rusiya prezidentinin ürəyindən ləzzətli bir menyü keçir: Krım yarımadasını birbaşa quru yolla Rusiyaya birləşdirəcək daha bir parça Ukrayna torpağı; Donbasda rusdilli vassal dövlət; NATO-ya üzv olmaq istəyindən hürkmüş Ukrayna; rus millətçiliyinin “yaxın xaric” adlandırılan dairəyə yeridildiyinin Rusiya əhalisinə nümayişi; əlavə sanksiyaların yalnız qonşu ölkələrə problemlər yaradacağı barədə Qərbə siqnal verilməsi.

Müəllif yazır: “Görəsən Putin doğrudanmı yeni işğala əl atacaq? Bu variantın baş verəcəyi ehtimalı 2014-cü ildəkindən daha azdır. Çünki Ukrayna Silahlı Qüvvələri xüsusilə ABŞ-ın köməyilə yaxşı sılahlanıb və təlim keçib. Ancaq Putini bilmək olmaz. O, ABŞ-da Atlantik okeanın hər iki üzünü silkələyən pandemiya problemləri ilə üst-üstə düşmüş daxili təlatümlərin, fikir ayrılıqlarının doğrudan da diqqəti bərk məşğul etdiyini fikirləşə bilər. O, eyni hesabla əvvəllər Suriyada, Gürcüstanda, eləcə də Krımda manevrlər edib. Putin riskə getməyə və bunun nəticələri ilə sonradan məşğul olmağa hazır adamdır. Ona görə Bayden komandası üçün ən yaxşı yol gözünü ABŞ prezidentinin haqlı olaraq “qatil” adladırdığı bu adama zilləmək və onun hoqqalarını ifşa etməkdir”.