Baş katib qalır

Antonio Quterreş BMT-nin baş katibi postunda qalır. Novator.az-ın məlumatına görə, qurumun Təhlükəsizlik Şurası iyunun 8-də Baş Məclisə Antonio Quterreşin səlahiyyət müddətini 2026-cı il dekabrın 31-dək uzatmaq tövsiyəsi verib. Baş Məclisin məsələyə iyunun 18-də baxacağı bildirilir.

Antonio Quterreş 2016-cı il oktyabrın 13-də baş katib seçilib, 2017-ci il yanvarın 1-dən vəzifəsinin icrasına başlayıb. Onun səlahiyyət müddəti 2021-ci il dekabrın 31-də başa çatır.

1949-cu ildə Lissabonda doğulan Antonio Quterreş Portuqaliya Sosialist Partiyasının baş katibi olub, ölkəsində baş nazir postunu tutub, Sosialist İnternasionalına, Avropa İttifaqı Şurasına başçılıq edib və BMT-nin qaçqınlar üzrə ali komissarı vəzifəsində çalışıb.

Antonio Quterreşə qədər BMT-nin baş katibi postunu bu şəxslər tutub: Trüqve Li, Daq Hammerşeld, U Tan, Kurt Valdhaym, Havyer Peres de Kuelyer, Butros Butros-Qali, Kofi Annan, Pan Gi Mun.

1945-ci ildə yaradılan BMT 193 ölkəni bir araya gətirir. Təhlükəsizlik Şurasının 15 üzvü var. Onların 5-i (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin) daimi üzvlərdir. 10 üzv iki ildən bir seçilir.

Azərbaycan 1992-ci il martın 2-də BMT-yə qəbul edilib, 2011-2013-cü illərdə Təhlükəsizlik Şurasında təmsil olunub.