Bakıda şəhidlərin xatirəsinə yürüş keçirilib.

 Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüz soydaşlarımıza ehtiram əlaməti olaraq Bakı şəhərində yürüş təşkil edilib.

SalamNews xəbər verir ki, Neftçilər prospektindən başlayan yürüş bu gün təməli qoyulan Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinədək davam edib.

Yürüşdə İlham Əliyev,  Mehriban Əliyeva, Müdafiə Nazirliyinin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin və Bakı Qarnizonunda yerləşən hərbi hissələrin 3000 nəfərdən çox kursant və hərbi qulluqçusu iştirak edib.

Azərbaycana, onun xalqına layiqli övlad olmağa, daim Vətənin keşiyində cəsarətlə dayanmağa and içən gənc kursant və hərbçilər ərazi bütövlüyümüz uğrunda şəhid olan soydaşlarımızı dərin ehtiramla anır, Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun tarixi zəfərini şərəflə xatırlayır.

44 günlük Vətən müharibəsi zamanı 2907 nəfər şəhid olub, 7 nəfər itkin düşüb, Ermənistanın dinc əhaliyə qarşı cinayətləri nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib.