Azərbaycanlı alim İraqın dini lideri ola bilər

Ayətullah Seyyid Əli Sistanidən sonra ölkənin dini lideri Ayətullah Baqir İrəvani ola bilər. Bu haqda dekabrın 3-ü İraq medialarında məlumat yayılıb.

Shafaq.com-un yazdığına görə, İraqın böyük alimlərindən hesab edilən Ayətullah Həkiminin vəfatından sonra Nəcəf seminariyasının alimləri Məhəmməd Baqirə müraciət edib. Onlar, Ayətullah Baqiri Seyyid Əli Sistaninin varisi olmasına razı salmağa çalışıblar. İrəvani ilk öncə bu təklifi rədd etsə də, bir müddət sonra razı olub. Buna səbəb isə Ayətullah Həkimidən sonra yaranan boşluğu doldurmaq və seminariyanı qorumaq olub.

7al.net saytı İraqlı din xadimi Mudar əl-Hilunun məsələ barədə fikrini paylaşıb: “İrəvani ən yaxşı namizəddir, lakin onun Peyğəmbər (s) nəslindən olmaması onun şansını azalda bilər”. Ayətullah Sistaninin oğlu Məhəmməd Rza Sistani isə atasının yerinə keçmək fikirində olmadığını deyib. Onun sözlərinə görə, Nəcəf ruhaniləri oğulun atadan dini vəzifəni irs etməyi qadağan edir. Ayətullah Həkiminin oğlu isə İranın Qum şəhərində yaşayır və İraqın dini lideri olmaq üçün vətəninə qayıtmalıdır.

Hazırda ən çox uyğun gələn namizəd Ayətullah İrəvani hesab edilir. İraq alimləri Seyyid Sistaninin dəftərxanası ilə məsləhətləşərək Nəcəfdə Baqir İrəvaniyə ofis açıblar.

72 yaşlı Ayətullah İrəvani İraqda dünyaya gəlsə də, milliyətсə Azərbaycanlıdır. O, Azərbaycan və Türk dillərini bilir və bu dillərdə xütbələr oxuyur. Baqir İrəvani İraqın böyük fiqh və üsul alimi hesab edilir. Onun ustadları Ayətullah Xoyi, Ayətullah Baqir Sədr, Ayətullah Səid Həkim və Ayətullah Sistaninin özü olub.

Hazırda Seyyid Əli Sistaninin 91 yaşı var. O, 1992-ci ildə 92 yaşlı ustadı Əbülqasim Xoyinin vəfatından sonra İraq şiələrinin dini lideri vəzifəsini icra etməyə başlayıb.

 

siat.az