Azərbaycanla İran Araz su anbarının iş rejimini və su bölgüsünü müəyyənləşdirib

 

Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan Respublikasının və İran İslam Respublikasının daimi fəaliyyət göstərən Birgə Komissiyasının 51-ci görüşünün Protokol layihəsinin müzakirəsi İranın Təbriz şəhərində keçirilib.

Bu barədə  məlumatı Operativ.tv "APA-Economics"ə istinadən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov verib. Bildirib ki, Azərbaycan-İran Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda Səhmdar Cəmiyyətin şöbə müdiri Elçin Məmmədov və sektor müdiri Elxan Hüseyinov, Azərbaycan Ekologiya və Təbii Sərvətlər nazirliyinin və Naxçıvan MR-nın aidiyyəti təşkilatlarının nümayəndələri iştirak ediblər.

Görüşdə bir sıra məsələlər müzakirə edilib. Belə ki, Araz su anbarının iş rejimi və iki ölkə arasında su bölgüsü müəyyənləşdirilib, Araz çayında su və energetika ehtiyatlarından birgə istifadə üzrə müvafiq bölgü cədvəlləri hazırlanıb və Protokol imzalanıb.

Qeyd edək ki, Azərbaycan-İran Birgə Komissiyasının 52-ci görüşün Protokol layihəsinin müzakirəsi gələn il Bakı şəhərində keçiriləcək.