Azərbaycanla İran arasında məhkumların ekstradisiyası məsələsi müzakirə olunub

Azərbaycanın səfiri Əli Əlizadə İran İslam Respublikasının ədliyyə naziri Əmin Hüseyn Rəhimi ilə görüşüb.

Azərbaycanın İrandakı Səfirliyindən verilən məlumata görə, görüşdə Azərbaycanın və İranın dövlət başçılarının əlaqələrə verdiyi xüsusi önəm vurğulanıb, hər iki ölkənin dost və yaxın qonşu ölkə olaraq ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının daha da artırılmasının önəmi qeyd olunub.

Bundan başqa, tərəflər məhkəmə və ədliyyə sahəsində görülən işlərdən, iki ölkənin ədliyyə nazirlikləri arasında mövcud olan səmərəli münasibətlərdən, hər iki ölkədə penitensiar sistemin təkmilləşdirilməsi üzrə həyata keçirilən layihələrdən söhbət açıb.

Görüşdə həmçinin, iki ölkənin ədliyyə orqanları arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsi, hüquqi məsələlərin həllində səylərin daha da artırılması, eləcə də məhkumların verilməsi, səfərlərin həyata keçirilməsinin və görüşlərin davam etdirilməsi, hüquqi yardım və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.