Azərbaycan və Türkiyə birgə təhsil proqramları həyata keçirəcək

“Biz hazırda təhsil sahəsi ilə bağlı çox ciddi islahatlar aparırıq. Türkiyənin təcrübəsi bizim üçün çox önəmlidir. Həm təhsil, təhsilin keyfiyyətinin qaldırılması, eyni zamanda, Türkiyə və Azərbaycan gənclərinin bir-birinə daha sıx bağlı olması ilə əlaqədar əlavə təkliflər də müzakirə edilməlidir”.

Bu mayın 27-də Prezident İlham Əliyev Türkiyənin milli təhsil naziri Ziya Selçuk ilə görüşündə deyib.

Onun fikrincə, Azərbaycan və Türkiyə elə bir güclü müttəfiqlik yaradıb ki,  gələcək nəsillər öz addımlarını bu müttəfiqliyə, bu qardaşlığa uyğun atmalıdırlar və indidən bir-birinə sıx bağlı olmalıdır.

“Hesab edirəm ki, bu məqsədlə müxtəlif tədbirlər - gənclər forumları, birgə təhsil proqramları və digər tədbirlər keçirilməlidir”, - deyə o vurğulayıb.

Türkiyənin milli təhsil naziri Ziya Selçuk isə çıxışında deyib ki, iki ölkə ararsında təhsil proqramları, təhsilin inkişafı, gələcəklə bağlı görüləcək işlərlə əlaqədar heç bir problem ola bilməz: “Biz hamısını həll edərik.”

Əliyev bildirib ki, Azərbaycanın təhsil proqramlarında, məktəblərdə və ali məktəblərdə, universitetlərdə tarix dərsliklərinə İkinci Qarabağ Müharibəsi mövzusu mütləq salınacaq:

“İndi bizim müvafiq qurumlar, o cümlədən Təhsil Nazirliyi bu məsələ üzərində çalışır ki, bizim bu şanlı tariximiz dəqiqliklə öyrənilsin. Çünki beynəlxalq mətbuatda bu günə qədər İkinci Qarabağ Müharibəsi ilə bağlı yanlış və təhrif edilmiş məlumat dərc edilir. Ona görə də real həqiqətləri, həqiqətə əsaslanmış bu tarixi biz həm öz vətəndaşlarımıza, həm də dünyaya çatdırmalıyıq. Ümid edirəm ki, Türkiyənin tarix dərsliklərində də bu məsələ öz əksini tapacaq”.