Azərbaycan və İran birgə yarışlar təşkil edə bilər

Gənclər və idman naziri Fərid Qayıbov İslam Əməkdaşlıq Təşkilatı Gənclər və İdman Nazirlərinin Daimi Şurasının Bakıda keçirilən 3-cü iclası çərçivəsində iranlı həmkarı Həmid Səccadi ilə görüşüb. Məlumatı Operativ.tv SalamNews-ə istinadən yayıb.

Nazirlikdən SalamNews-a verilən məlumata görə, H.Səccadi tədbirin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə F.Qayıbova minnətdarlığını bildirib.

Nazir qeyd edib ki, bundan sonra əməkdaşlığın daha da genişləndirilməsi, birgə idman tədbirlərinin təşkili hər iki tərəf üçün faydalı ola bilər.

Səmimi sözlərə görə həmkarına təşəkkür edən F.Qayıbov təkliflər barədə eyni fikirdə olduğunu bildirib və bu günlərdə Xəzər dənizində açıq suda üzmə yarışının təşkil ediləcəyini bildirib.

Son vaxtlar Azərbaycanda gerçəkləşdirilən yarışlar barədə məlumat verən nazir birgə təlim-məşqlər və turnirlərin təşkilinin mümkünlüyünü qeyd edib.

O, görüşdə qeyd edilən təkliflərin dəyərləndiriləcəyini də bildirib.