Azərbaycan Ruhanilər Məclisinin (ARM) inanclıların işgəncəsinə və Allahın təhqir olunmasına münasibəti

Azərbaycan Ruhanilər Məclisinin (ARM) inanclıların işgəncəsinə və Allahın təhqir olunmasına münasibət bildirib. Bu barədə məlumatı Operativ.tv Maide.az-a istinadən yayıb.
"Son günlər ölkə gündəmini bürümüş və İslam dünyasına sirayət etmiş arzuolunmaz mövzu həqiqətən də ağrılı-acılı və dözülməz bir haldır. Müsəlman ölkəsində İslamın müqəddəsatına, xüsusilə, Mütəal Allaha qarşı hörmətsizlik yolverilməzdir. Biz də hamı kimi baş verən hadisələrin şahidi olduq. Görünən budur ki, müsəlman ölkəsi olan Azərbaycanımızda inanclı və qeyri-inanclı insanlara qarşı törədilən alçaldıcı hərəkətlər yeni bir tərzdir. Bu yenilik müsəlmançılıq və azərbaycançılığa ziddir.
Nəzərə alsaq ki, fiziki və mənəvi təzyiqlərə məruz qalanlar və müqəddəslərin təhqir edilməsini deyənlər heç bir qanun pozuntusuna yol vermədikləri halda saxlanılıblar, onların söylədiklərində başqa məqsədlərin axtarılması əsassızdır.
Biz Azərbaycan Ruhanilər Məclisi (ARM) olaraq məsələ ilə bağlı etirazını bildirən qardaş və bacılarımızın etirazını haqlı hesab edir, məsələnin həlli üçün aclıq aksiyasına başlayan ruhani Hacı Tale Bağırzadə və digər inanclı qardaşlarımızın sağlamlığına görə narahatıq. Onların canlarına heç bir zərər gəlmədən aidiyyatı qurumları məsələni həll etməyə səsləyirik!"