Azərbaycan boksçusu Avropa birinciliyində erməni rəqibinə qalib gəlib və medalı təmin edib

İtaliyanın Montesilvano şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa birinciliyində 1/4 final döyüşlərinə start verilib.

Operativ.tv APA-ya istinadən verilən məlumata görə, Azərbaycan millisinin heyətində yarımfinala gedən yolda ilk olaraq rinqə Nərmin Əlizadə çıxıb.

48 kq çəki dərəcəsində mübarizə aparan boksçu Mahur Marikyanla (Ermənistan) döyüşüb. Əlizadə hər 3 raundda rəqibindən üstün olub. O, yekunda 5:0 (30:26, 30:27, 30:26, 30:27, 30:27) hesabı ilə qalib gələrək Marikyanı mübarizədən kənarlaşdırıb.

Nərmin yarımfinala yüksəlməklə yanaşı, özü üçün ən azı bürünc medalı da təmin edib. O, 1/2 final döyüşünə oktyabrın 2-də çıxacaq. Boksçumuzun rəqibi polşalı Silva Formela olacaq.

Qeyd edək ki, Avropa çempionatında 1/4 final döyüşləri sabah başa çatacaq.