Azad iqtisadi zona qanununda yeniliklər

Milli Məclisin 4 may iclasında “Ələt azad iqtisadi zonası haqqında” qanuna dəyişikliklər layihəsi ilk oxunuşda qəbul olunub. Novator.az bildirir ki, əsas yeniliklərdən biri qanunun Azad Zonada vergi tənzimlənməsi maddəsini əhatə edir. Dəyişikliyə görə, Azad Zona səlahiyyətli qurumu, Azad Zona inzibati müəssisələri və Azad Zona hüquqi şəxsləri Azad Zonadakı fəaliyyətlərinə aid olan bütün vergilərdən azaddırlar. Bu qurumlar və şəxslər əsas iqtisadiyyatın vergi ödəyiciləri ilə apardıqları əməliyyatlar üzrə onlara aparılan ödənişlərə görə ödəmə mənbəyində vergi tutmurlar. Azad Zonada fəaliyyət göstərən subyektlərə vergi güzəştləri yalnız Azad Zonada fəaliyyət göstərən, burada yeni dəyər yaradan, habelə ixrac yönümlü istehsal fəaliyyətini həyata keçirən şəxslərə şamil edilir.

Azad Zona rezidentlərinin, habelə Azad Zona səlahiyyətli qurumunun, Azad Zona inzibati müəssisələrinin və Azad Zona hüquqi şəxslərinin işçilərinin gəlirlərinə vergilərin tətbiqi və tutulması qaydasını Azad Zona səlahiyyətli qurumu daxili qaydalarla tənzimləyir.

Qanuna əlavə olunan yeni maddəyə əsasən, əsas iqtisadiyyata aid olan şəxslər Azad Zona səlahiyyətli qurumuna, Azad Zona inzibati müəssisələrinə və Azad Zona hüquqi şəxslərinə maliyyə bazarlarında xidmətlər göstərdikdə belə xidmətlər üzrə əsas iqtisadiyyata aid olan şəxslərə Azad Zonada mövcud olan tənzimləmə nəzərə alınmaqla əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir.

Başqa bir yeniliyə görə, Azad Zona səlahiyyətli qurumunun, Azad Zona inzibati müəssisələri və Azad Zona hüquqi şəxslərinin Azad Zonaya gətirdiyi və Azad Zonadan apardığı mallara, nəqliyyat vasitələrinə, işlərə və xidmətlərə görə gömrük rəsmiləşdirilməsi müqabilində ödənən yığımlardan başqa heç bir ödənişlər, o cümlədən vergilər tətbiq edilmir.

Mallar, nəqliyyat vasitələri, işlər və xidmətlər Azad Zonadan əsas iqtisadiyyata və əsas iqtisadiyyatdan Azad Zonaya gətirildikdə belə mallara, nəqliyyat vasitələrinə, işlərə və xidmətlərə əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir.