Aydın Mirzəzadə: “Dərman qıtlığı həm də vətəndaşların passivliyinə görədir”

"Apteklərdə koronavirus xəstələri üçün yazılan dərmanlar tapılmır. Reseptdə yazılanları tapmaq üçün şəhərdəki apteklərin hamısını gəzmək lazımdır. Tanışın varsa, kömək edəcəklər. Aptek işçiləri bəhanə gətirirlər ki, əsas dərmanları nazirlik xəstəxanada müalicə alanlar üçün yığır. Hesab edirlər ki, evdə müalicə alanlar, xəstəliyi yüngül keçirən xəstələr bu dərmanlardan istifadə etməsələr də, olar”.

 

Bu sözləri "Toplum TV”-yə açıqlamasında anası koronavirusa yoluxmuş Nərmin Əkbərli deyib. 

 

N.Əkbərli dərmanların çox baha olmasından da şikayətçidir: ""Favipiravir” satışda yoxdur, qara bazarda mənə 450-500 manata təklif etdilər. Əvəzləyicisini - o qədər də keyfiyyətli olmayan "Kemflu”nun içində 10 həb olan qutusunu 120 manata dedilər. Mənə 4 qutu lazım idi, sonradan tanışlıqla münasib qiymətə tapa bildim. "Kleksan” iynəsi də tapılmır, onu da qara bazarda satırlar. O qədər də baha olmayan bu iynənin 0.4 qramlığını 40 manata, 0.6 qramlığını 90 manata deyirlər. Gündə 2 dəfə vurulmalıdır, pulu olmayanlar zülm çəkirlər”. 

 

Nərmin Əkbərlinin anası xəstəliyi ağır keçirənlərdəndir. Amma xəstəxanalarda yer olmadığı üçün evdə müalicə alır: "Dekabrın 1-dən bu yana dərmanlara 1500 manatdan çox xərcimiz çıxıb. Yəqin ki, yenə almalı olacağıq. Anamın ciyərlərində 60 faizə yaxın buzlaşma var, vəziyyəti ağırdır. Ona görə müalicədən sonra yenə yoxlatdıracağıq, ehtiyac olsa, yeni müalicə yazılacaq”.

 

N.Əkbərli deyib ki, ağır xəstənin sağalmasına azı 1500-2000 manat pul xərcləmək lazım gəlir: "Tibb bacısına, KT-yə, analizlərə, dərmanlara... Tibb bacıları həyatlarına olan təhlükəyə görə koronavirus xəstələrinə iynəni ikiqat baha vururlar. Eləsi var, gününü 40-50 manata razılaşır. Əslində, onları da qınamaq olmur”.

 

Evdə müalicə olunan Kamilə Məhərrəmli isə tapılmayan dərmanların əvəzləyicilərini aldığını, amma onların da çox baha olduğunu bildirir: "Testin cavabı poitiv çıxandan dərhal sonra ailə həkimimizlə məsləhətləşdim, mənə vitaminlər məsləhət gördü, mən də onlayn aptekdən sifariş verib aldım. Sonra öskürək başladı, buna qarşı yazılan dərmanları tapdım. Məhz koronavirus üçün olan "Kemflu”nun 3-4 günə 40 həbini qəbul etmək lazımdır. Mən 10 dənəsini 37 manat 80 qəpiyə aldım. Başqa bir aptekdə isə 30 həblik qutu 180 manata idi. "Arbidol” artıq heç bir aptekdə tapılmır deyə həkim onu yazmadı. Qalanlarını baha da olsa, tapıb ala bildim”. 

 

Əlaqə saxladığımız apteklərdə də koronavirus əleyhinə dərmanların olmadığını söylədilər. "Zəfəran", "Aptekonline”, "Aptekstore.az”dan bildirdilər ki, hazırda "Arbidol", "Kleksan”, "Favipiravir” dərmanları ümumiyyətlə satışda yoxdur. 

 

Milli Məclisin deputatı Aydın Mirzəzadə hesab edir ki, vəziyyətin belə olmasında vətəndaşların passivliyi də rol oynayır: "Bu məsələlərlə TƏBİB məşğul olur. Mən belə halların mövcud olmasına təəssüf edirəm. Hesab edirəm ki, qiymətlər münasib və əlçatan olmalıdır. İnsanların bir qisminin gəlirlərinin aşağı olması nəzərə alınmalıdır. Digər tərəfdən, hansısa dərman tapılmırsa və ya qiyməti yüksəkdirsə, bununla bağlı Səhiyyə Nazirliyinə, TƏBİB-ə, o cümlədən Nazirlər Kabinetinin "Qaynar xətt”inə məlumat verilməlidir. Ola bilsin, bu barədə məlumatları yoxdur. Vətəndaşlarımızın bu məsələdə aktiv olması arzuolunandır”.

 

TƏBİB-in mətbuat katibi Elnarə Baxışova isə dərman preparatlarının ölkəyə gətirilməsi və aptek xidmətləri ilə bağlı tənzimləyici qurumun Səhiyyə Nazirliyi olduğunu deyir. 

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidməti gün ərzində edilən zənglərə cavab vermədiyi üçün dərman qıtlığı və bahalığı probleminə bu qurumdan cavab almaq mümkün olmadı.