Avstraliya tennis ulduzu Cokoviçi deportasiya edib

Serbiyalı tennis ulduzu Novak Cokovic ölkədə qala bilmək üçün müraciəti rədd olunduğu üçün Avstraliyadan deportasiya edilib. Avstraliya sağlamlıq və ictimai asayiş səbəbi ilə tennis üzrə Avstraliya Açıq çempionatında iştirak etmək üçün ölkəyə gələn dünyanın bir nömrəli tennisçisinin vizasını ləğv edib.

Novak Cokoviçin tərəfdarları hesab edirlər ki, Avstraliya ötən həftə Melburna gəldikdən sonra ona qarşı ədalətsiz davranıb.

Tərəfdarları Avstraliya Federal Məhkəməsinin sədri Ceyms Alsopun Cokoviçin ölkədə qalmaq üçün son təklifini rədd etməsindən sonra onun deportasiyasını “qeyri-insani” və “hiddət doğuran” adlandırıblar.

Viktoriya ştat hökuməti və Avstraliyanın tennis federasiyasının rəsmiləri tərəfindən yaradılmış iki müstəqil tibbi komissiya serbiyalı tennisçinin Avstraliyanın COVID-19-a qarşı vaksinasiya qaydalarından tibbi səbəblə azad edilməsinə icazə vermişdi. Cokoviç virusa dekabr ayında yoluxub.

Bununla belə, sərhəd rəsmiləri onun immiqrasiya qaydalarını pozduğunu iddia edərək yanvarın 5-də Melburn hava limanına gəldiyi zaman onun vizası ləğv edib.

O, Melburnda saxlanılan immiqrantlar üçün otelə göndərilib.

Onun vizası bazar ertəsi Avstraliya məhkəməsi tərəfindən bərpa edilsə də cümə günü immiqrasiya naziri Aleks Houk tərəfindən ikinci dəfə ləğv edilib.

Cokoviç COVID-19-a qarşı peyvənd olunmayıb və Houk onun Avstraliyada olmasının peyvənd əleyhinə əhval-ruhiyyə yarada biləcəyini və vizanın səhiyyə və ictimai maraqlara görə ləğv edildiyini deyib.

Tennis çempionunun vəkilləri hökumətin arqumentlərinin qeyri-rasional və məntiqsiz olduğunda təkid edib. Federal məhkəmənin üç hakimi bununla yekdilliklə razılaşmayıb və Cokoviçin şikayəti bazar günü rədd edilib.

 

Amerikanın səsi.