Avropa Şurası Azərbaycanı toplaşmaq azadlığı qanunvericiliyini Avropa Konvensiyasına uyğunlaşdırmağa çağırıb

Avropa Şurası Nazirlər Komitəsi Azərbaycanı toplaşmaq azadlığına dair milli qanunvericiliyin Avropa İnsan Hüquqları Konvensiyasına uyğunluğunu təmin etmək üçün tədbirlər görməyə çağırıb.

Komitə dərin narahatlıqla qeyd edib ki, hakimiyyət Avropa İnsan Hüquqları Məhkəməsinin “Qafqaz Məmmədovun qrupu” işi üzrə qərarlarının icrası ilə bağlı çoxdan gözlənilən planları hələ də təqdim etməyib.

Komitə qeyd edir ki, Avropa məhkəməsi 30-dan çox işdə icazəsiz dinc nümayişlərin dağıdılması və saxlanmalar, həmçinin ədalətsiz hökmlər və həbslər zamanı ərizəçilərin toplaşmaq azadlığının çoxsaylı pozulmasını müəyyən edib.

Avropa Şurası xatırladır ki, dinc toplaşmaq azadlığı demokratik cəmiyyətdə fundamental hüquqdur və onun əsaslarından biridir. Bu işlərdə müəyyən edilmiş problemlər, xüsusilə milli qanunvericilik və praktikanın Avropa İnsan Hüquqları Konvensiyasının müddəalarına uyğunsuzluğuna 2016-cı ildən Komitədə baxılır.

Lakin bu qrup üzrə ilk qərar qəti olduqdan beş il sonra, Komitənin əvvəlki qətnamələri isə nöqsanların düzəldilməsilə bağlı görülən tədbirlər barədə ətraflı məlumat verməyə çağırsa da, hakimiyyət bunu etməyib.

Bununla əlaqədar Komitə Azərbaycan hakimiyyətini görülən və ya planlaşdırılan tədbirlər üzrə hərtərəfli fəaliyyət planını dərhal təqdim etməyə çağırıb.

Qeyd edək ki, müxalifətçi fəal Qafqaz Məmmədovun işi 2010-2014-cü illərdə sərbəst toplaşmaq azadlığının pozulması ilə bağlı 30-dan çox şikayətdən birincisi olub və Avropa İnsan Hüquqları tərəfindən təmin edilib. İş üzrə qərar 15 oktyabr 2015-ci ildə qəbul edilib və 14 mart 2016-cı ildə qüvvəyə minib.

Bu qərarların icrasında problem ondan ibarətdir ki, Azərbaycan hakimiyyəti toplaşmaq azadlığı sahəsində qanunvericiliyi və praktikanı yaxşılaşdırmır. Bundan əlavə, bəzi ərizəçilərə kompensasiya ödənilməyib, ya da tam ödənilməyib.

amerikaninsesi