Astarada Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsi məsələləri müzakirə olunub

Turan: Azərbaycanın nəqliyyat və rabitə nazirinin müavini Rəhman Hümmətov İranın Astara şəhərində bu ölkənin yol və şəhərsalma naziri Xeyrullah Xademi ilə görüşüb.

Nəqliyyat və Rabitə Nazirliyinin press-relizində deyilir ki, İran və Azərbaycan arasında Astara-Astara körpüsünün tikintisi məsələləri müzakirə olunub. Tərəflər həmçinin İran tərəfində terminal kompleksinin tikildiyi yerə baxış keçiriblər. 

Qeyd edək ki, bu layihələrin icrası uzun illərdir müzakirə olunur. Astara-Astara körpüsü Rusiyanı və Avropa ölkələrini İran və Fars Körfəzi ölkələri ilə birləşdirəcək Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsində mühüm element olmalıdır.