Araik Harutunyan istefa tələblərinə cavab verdi

Dağlıq Qarabağdakı erməni seperatçılarının lideri Araik Harutunyan Nikol Paşinyanın Vətəndaş Müqaviləsi Partiyasının qərargahına getməsinin səbəbini açıqlayıb. 

"Sputnik Ermənistan"ın iyunun 23-də verdiyi xəbərə görə, Harutunyan Xankəndinin mərkəzi meydanında çıxış edərkən bildirib ki, o, seçkilər günü həm Paşinyanın, həm də onun opponentlərinin qərargahlarında olub. 

"Mən təkcə Vətəndaş Müqaviləsinin qərargahında olmamışam, həmçinin Qaqik Tsarukyanla, Qrant Baqratyanla, Edmon Marukyanla, Aram Sarkisyanla, Samvel Babayanla və digərləriylə görüşmüşəm. Öz siyasi neytrallığımı qorumuşam, görüşləri isə səsvermədən sonra keçirmişəm, sadəcə Vətəndaş Müqaviləsinin qərargahında jurnalistlərlə qarşılaşdım".

Harutunyan Ermənistanın bütün siyasi qüvvələrini ölkənin gələcəyini müzakirə etmək üçün Dağlıq Qarabağa dəvət edib. Onun sözlərinə görə, Dağlıq Qarabağın erməni əhalisinin sosial-məişət problemləri Ermənistanla "Dağlıq Qarabağ Respublikası" arasında qarşılıqlı yaxşı əlaqələr olmadan mümkün deyil. 

Ermənistanda iyunun 20-də keçirilən növbədənkənar parlament seçkiləri günündə Araik Harutunyanın Vətəndaş Müqaviləsi Partiyasının qərargahında görünməsi Dağlıq Qarabağın erməni sakinlərinin qəzəbinə səbəb olmuşdu. Xankəndində etirak aksiyası keçirən bir qrup insan Harutunyanın istefasını tələb edirdi.