Ankara və Yerevanın xüsusi nümayəndələri hansı razılığa gəliblər?

Operativ.tv Turan--a istinadən xəbər verir ki, iyulun 1-də Vyanada Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələr Ruben Rubinyan və Serdar Kılıç arasında dördüncü görüş keçirilib.

Ermənistan XİN-in yaydığı məlumata görə, tərəflər Ermənistana və Türkiyəyə səfər edən üçüncü ölkə vətəndaşları üçün iki ölkə arasındakı quru sərhədinin açılması mümkünlüyü haqqında razılığa gəliblər və bu istiqamətdə lazımi prosedurlara başlamaq qərarına gəliblər.

Rubinyan və Kılıç mümkün qədər qısa müddətdə Ermənistan və Türkiyə arasında aviasiya ilə birbaşa yük daşımalarının həyata keçirilməsinə başlamaq barədə razılıq əldə ediblər.

Bundan başqa, iki ölkə arasında münasibətlərin tam nizamlanması ilə bağlı yekun məqsədə nail olmaq üçün atıla biləcək konkret addımlar müzakirə olunub. Tərəflər nizamlama prosesini qeyd-şərtsiz davam etdirmək barədə razılıqlarını bir daha vurğulayıblar.