Altsheymer xəstəliyini müalicə edə biləcək dərman yaradıldı

Amerika Birləşmiş Ştatlarında ərzaq və dərman keyfiyyətinə nəzarət edən qurum (FDA) altsheymer xəstəliyi ilə mübarizə üçün yeni preparatın istifadəsinə icazə verib. 

BBC-nin verdiyi xəbərə görə, bu, son 20 ildə xəstəliyin müalicəsi sahəsində irəliyə atılmış ən mühüm addımdır. 

"Biogen" şirkətinin yaratdığı dərman "Aduhelm" kommersiya adıyla satışa çıxarılacaq. 

Qeyd edilib ki, "Aduhelm" altsheymer xəstəliyinin simptomlarına deyil, dərində yatan səbəblərə təsir göstərir. 

Hazırda dünyada 30 milyondan çox insan - onların əksəriyyətini 65 yaşdan yuxarı şəxslər təşkil edir - yaddaşın itməsinə gətirib çıxaran altsheymer xəstəliyindən əziyyət çəkir. 

Son 10 ildə xəstəliyin müalicəsi məqsədiylə 100-dən çox dərman sınaqdan keçirilib, amma onların heç birisi özünü doğrultmayıb. 

Sonuncu preparat da panaseya deyil, bir çox həkimlər onun məziyyətlərinə şübhə edirlər. Amma ABŞ-da onun qeydiyyatının baş tutması faktının xəstəliyin müalicəsinə böyük töhfə verəcəyi bildirilir.