Allahı tanımağın zərurəti (4-cü hissə)

Bağışlayan və Mehriban Allahın adı ilə
4-cü hissə
Sual: Niyə biz Allahı tanımalıyıq? Allahı tanımaq insan həyatına necə təsir edir? Bunu niyə araşdırmalıyıq? Allahı tanımağın nə əhəmiyyəti var? Hansı zərurət bizi kainatın mənşəyi haqqında düşünməyə vadar edir?
Qısa cavab:
Allahı tanımağa bizi vadar edən zərurətlər bunlardır: 
1. Kainatla tanışlıq istəyi
2. Minnətdarlıq və təşəkkür etmə hissi 
3. Xeyir və zərərlərimizin bu məsələ ilə bağlılığı 
4. Elmlər arasında Allahı tanıma elminin üstünlüyü
Allahı tanımağın təsir və bəhrələri də bunlardır: 
1. Elmin tərəqqisi
2. Səy və ümid 
3. Məsuliyyət hissi
4. Rahatlıq
Ətraflı cavab:
Allahı tanımağın zərurətləri
Bizi ilahi Allahı tanımağa vadar edən səbəblər aşağıdakılardır:
4. Allahı tanımaq elm və mərifətlərin ən üstünüdür
İslami mətnlərdə və Əhli-beytin (ə) rəvayətlərində Allah tanıma elmi bütün elmlərin ən üstünü kimi tanınır. Bu izahla məsumların (ə) nəzərində ən mühüm və qiymətli elm, Allahı tanımaq elmidir. Peyğəmbərdən (s) nəql olunmuş hədisdə belə deyilir:
جَاءَ أَعْرَابِيٌّ إِلَى النَّبِيِّ فَقَالَ يَا رَسُولَ اللَّهِ عَلِّمْنِي مِنْ غَرَائِبِ الْعِلْمِ قَالَ مَا صَنَعْتَ فِي رَأْسِ الْعِلْمِ حَتَّى تَسْأَلَ‏ عَنْ غَرَائِبِهِ قَالَ الرَّجُلُ مَا رَأْسُ‏ الْعِلْمِ‏ يَا رَسُولَ اللَّهِ قَالَ مَعْرِفَةُ اللَّهِ حَقَّ مَعْرِفَته
Bir çöl ərəbi Peyğəmbərin (s) yanına gəlib dedi: Ya Rəsuləllah! Mənə elmin qəribəliklərini öyrət! Peyğəmbər (s) buyurdu: Elmlərin ən üstünü barəsində nə bilirsən ki, məndən onun qəribəlikləri haqqında soruşursan? Kişi soruşdu: Ya Rəsulullah, elmin ən üstünü nədir? Peyğəmbər (s) buyurdu: Layiq olduğu kimi Allahı tanımaq. 
Həzrət Peyğəmbər (s) bu rəvayətdə elmin qəribəlikləri sualına cavab olaraq Allahı tanımaq məsələsinə diqqət yetirməklə sanki Allahı tanımağın vaxt, enerji sərf etməyə dəyərli olan ən mühüm elm olduğunu çatdırmaq istəyir. 
Bundan əlavə, İmam Əli (ə) Allahı tanımaq mövzusunun mövqeyi haqqında da buyurur: 
مَعْرِفَةُ اللَّهِ أَعْلَى الْمَعَارِف

“Allahı tanımaq elmi ən yüksək elmdir.” 
İmam Sadiq (ə) Allahı tanıma elminin əhəmiyyəti haqqında belə buyurur: 
إِنَّ أَفْضَلَ الْفَرَائِضِ وَ أَوْجَبَهَا عَلَى الْإِنْسَانِ مَعْرِفَةُ الرَّبِّ وَ الْإِقْرَارُ لَهُ بِالْعُبُودِيَّةِ
“İnsan üçün ən vacib vəzifə Allahı tanımaq və Onun bəndəliyini etiraf etməkdir.”

Tərcümə etdi: Fərhad Mirzə