Ali Məhkəmənin Plenumu “Tərtər işi” üzrə 9 nəfərin cinayət işini apellyasiya instansiyasına qaytarıb

Operativ.tv Turan-a istinadən sentyabrın 30-da Ali Məhkəmənin Plenumu "Tərtər işi" üzrə həbs edilən 19 nəfərin cinayət işlərinin apellyasiya instansiyası məhkəməsinə yeni baxışa göndərilməsi barədə qərar qəbul edilib. 

Ali Məhkəmənin məlumatına görə,  Plenumda Baş Prokurorun müraciəti təmin olunmaqla məhkum Rauf Orucov  və qeyrilərinin, habelə məhkum Nicat Rzayev və qeyrilərinin Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət) və digər maddələri ilə məhkum edilmələrinə dair yeni açılmış hallarla əlaqədar cinayət işlərinin apellyasiya instansiyası məhkəməsinə yeni baxışa göndərilməsi barədə qərar qəbul edilib. 

Xatırladaq ki, sentyabrın 5-də Baş prokuror Kamran Əliyev “Tərtər işi” üzrə mühakimə olunmuş 19 nəfərin barəsində hökmlərə yenidən baxılması üçün Ali Məhkəmənin Plenumuna müraciət edib.

Eyni zamanda, Baş Prokurorluq "Tərtər işi"ndə işgəncə faktları ilə bağlı yeni həbs olunanların olduğunu bildirib.

Baş Prokurorluğun mətbuat xidməti bildirib ki, 16 dekabr 2021-ci ildə "Tərtər işi" üzrə istintaqın yenilənməsindən sonra müəyyən edilib ki, daha 288 nəfərə qarşı qanunsuz hərəkətlər törədilib və onlar zərərçəkmiş hesab ediliblər. Beləliklə, zərərçəkmişlərin ümumi sayı 405-ə çatıb.

Yenilənmiş istintaq zamanı vəfat etmiş Təmkin Nizamioğlunun cəsədinin eksqumasiyası aparılıb. Məhkəmə-tibb ekspertizası onun ölümünün işgəncə nəticəsində baş verdiyini təsdiqləyib.

Bundan əlavə, istintaqda zabitlər Bəkir Orucov və Ramil Əhmədovun ayrı-ayrı hərbi qulluqçulara qarşı işgəncələr tətbiq etməsi və onları qanunsuz olaraq azadlıqdan məhrum etməsilə bağlı ciddi şübhələr yaranıb, hər üç zabit həbs edilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələrilə ittiham irəli sürülüb.

Beləliklə, istintaqın yenilənməsindən sonra 17 nəfər müxtəlif maddələr üzrə cinayət məsuliyyətinə cəlb edilib. 12 nəfər həbs olunub, bir nəfərin barəsində axtarış elan edilib, 4 nəfər isə başqa işlər üzrə həbs cəzası çəkir.

Dövlətə xəyanət ittihamı ilə həbs edilmiş, lakin digər ittihamlarla məhkum olunmuş 26 hərbçidən 19-u bəraət alıb. Daha 7 nəfərin barəsində cinayət təqibinə bəraətverici əsaslarla xitam verilib.

Bundan əlavə, istintaq zamanı vəfat etmiş Mehman Hüseynov və Elxan Ağazadənin barəsində cinayət işlərinə xitam verilməsi haqqında qərarlar ləğv edilib. Cinayət təqibinin əsassız olması səbəbindən işlərin bağlanacağı gözlənilir.

Yeni hallarla əlaqədar baş prokuror dövlətə xəyanət ittihamı ilə üç cinayət işi üzrə mühakimə edilmiş 19 nəfərin barəsində hökmlərə yenidən baxılması üçün Ali Məhkəmənin Plenumuna müraciət ünvanlayıb.