Aksiya işində finiş zamanı

Azərbaycan Ordusuna dəstək aksiyasından sonra cinayət məsuliyyətinə alınmış şəxslərin bir qrupunun məhkəmə istintaqı bitib.

Mühakiməni 2021-ci ilin fevral ayında Səbail Rayon Məhkəməsi başlayıb. Təqsirləndirilən şəxslər üç qrupa bölünüb. Prosesdə Bakı Apellyasiya Məhkəməsinin iclas zallarından istifadə olunur.

Novator.az-ın məlumatına görə, iyunun 2-də məhkəmə istintaqı yekunlaşan qrupa AXCP-nin tanınmış funksionerləri Fuad Qəhrəmanlı və Məmməd İbrahim də daxildir. Növbəti məhkəmə iclasında ittiham tərəfinin, ardınca müdafiə tərəfinin çıxışları gözlənir.

2020-ci il iyulun 12-dən 16-dək Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu sahəsində döyüşlər gedib, Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu və 1 mülki şəxs şəhid olub.

İyulun 14-ü axşamdan iyulun 15-nə keçən gecəyədək Bakıda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Bir qrup şəxs Milli Məclisin binasına girəndən sonra polis aksiyanı dağıdıb, toqquşma yaranıb. Rəsmi məlumata görə, bir neçə polis əməkdaşı xəsarət alıb, xidməti avtomobillərə, ərazinin yol infrastrukturuna, Milli Məclisin birinci mərtəbəsində mülkiyyətə və inventara ziyan dəyib.

Baş Prokurorluğun İstintaq İdarəsi bu işin istintaqını qəsdən sağlamlığa az ağır zərər vurma; əmlakı qəsdən məhv etmə və ya zədələmə; ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak; hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmək ittihamları üzrə aparıb.

37 təqsirləndirilən şəxsin 36-sı bir müddət həbsdə saxlanıb. 2020-ci il noyabrın 16-da Səbail Rayon Məhkəməsi 21 nəfəri (AXCP üzvləri Asif Yusifli, Seymur Əhmədov, Bəxtiyar İmanov, İsmayıl Həsənov, Ayaz Məhərrəmov, Baba Süleymanov, Ceyhun Novruzov, Məhəbbət Nağıyev, Telman Seyfullayev, Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Müşviq Quliyev, Müsəlman Birliyi Hərəkatının təmsilçiləri Tural Vəliyev, Kamil Mahmudov, bitərəflər Emin Hüseynzadə, Şəmsi Rəhimli, Vüsal Quliyev, Elçin Mehdiyev, Fariz Məmmədov, Ariz İbadətoğlu, Ceyhun Məmmədov), dekabrın 7-də 15 nəfəri (AXCP üzvləri Ramid Nağıyev, Gündüz Mirzəyev, Elnur Cabbarov, Azərbaycan Demokratiya və Rifah Hərəkatının üzvü Pərvin Çobanov, bitərəflər Siyavuş Mustafayev, İsmayıl Məmmədov, İlkin Əliyev, Taleh Məmişov, Elçin Məmmədov, Azər Məmmədov, Ramiz Babayev, Səbuhi Mustafayev, Müşviq Vahabov, Fərid Abadov, Dəyanət Mövlayev) ev dustaqlığına buraxıb.

Cəbhəçi Elvin Məmmədov polisin nəzarətindədir.

AXCP fəalı Ruslan Əmirov sonradan cinayət məsuliyyətinə alınıb. 2020-ci il oktyabrın 10-da polis nəzarətinə verilən cəbhəçinin işi ayrıca icraata ayrılıb. Ona cinayəti bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birliyi törətməsi ittihamı da irəli sürülüb.