AİHM COVID-19-a qarşı peyvəndlə bağlı şikayəti təmin etmədi

"Əks halda ərizəçilər geri dönüşü olmayan risqlə üzbəüz qala bilərlər"

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Fransada COVID-19-a qarşı peyvənd olunmanı məcbur edən qanundan vətəndaşların verdiyi şikayəti təmin etməyib.

Avqustun 5-də Fransada COVID-19-a qarşı peyvənd olunma tələbi gətirən, vaksin olunmayanlara işə çıxmağa qadağalar nəzərdə tutan qanun qəbul edilib.

İctimai sağlamlıq böhranının idarəsini nəzərdə turan qanuna yanaşma mübahisəli olub.

Həmin qanunla müəyyən edilən tələblərlə razılaşmayan Fransa yanğınsöndürmə, təcili yardım xidmətinin (SDİS) 672 üzvü avqustun 19-da birbaşa AİHM-ə müraciət etmişdilər (41950/21, Abgrall və 671 Others vs. France).

Ərizəçilər Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) və 8-ci (şəxsi həyata hörmət hüququ) maddələrinə söykənərək, AİHM-in 39-cu qaydasına əsasən, sözügedən qanuna qarşı müvəqqəti məcburiyyət tədbirinin təbiq edilməsini tələb edirdilər.

AİHM-dən aşağıdakılar tələb olunurdu:

– Qanundakı peyvənd olunma tələbi dayandırılsın;

– Peyvənd olunma tələbinə əməl etməyən şəxslərin peşə fəaliyyətini yasaqlayan tələb dayandırılsın;

– Peyvənd olunma tələbinə əməl etməyən şəxslərə əmək haqqı ödənilməməsini nəzərdə tutan şərt dayandırılsın;

AİHM-in 7 hakimdən ibarət Palatası müraciətə avqustun 24-də baxıb və onu rəddetmə qərarı verib.

Palata hesab edib ki, 672 nəfərin ictimai sağlamlıq böhranının idarə edilməsi haqqında qanunla əlaqədar müvəqqəti məcburiyyət tədbirləri tələbi 39-cu Qayda çərçivəsinə daxil deyil.

AİHM təkrarlayıb ki, 39-cu Qaydaya əsasən, müvəqqəti tədbirlərin tətbiqi haqda qərar, işin qəbuledilənliyi və mahiyyəti ilə bağlı sonrakı qərarlara təsir etmədən, Məhkəmə qarşısındakı icraatla bağlı qəbul edilir.

Məhkəmə müvəqqəti məcburiyyət tədbirlərini tətbiqi ilə bağlı tələbləri müstəsna hallarda təmin edə bilər. Hansı ki əks halda ərizəçilər geri dönüşü mümkün olmayan zərər risqi ilə üzbəüz qala bilərlər.

Azərbaycanda da sentyabrın 1-dən COVID pasportu olmayanlara bəzi qadağalar tətbiq ediləcək.

Tam dozada peyvənd olunmayan vətəndaşların ticarət mərkəzlərinə, ictimai işaşə obyektlərinə girişlərinə izin verilməyəcək.

Eyni zamanda, yaşı 18-dən yuxarı olan tələbələrin də peyvənd olunması tələb olunur. Əks halda, onlar universitetə buraxılmayacaqlar.