ADR Partiyası Qarabağ danışıqlarının gündəliyi barədə

ADR Partiyası Azərbaycan və Ermənistan arasında  keçirilən  danışıqlar  prosesini  yaxından izləyir,  Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti  Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan prezidenti Əliyev və  Ermənistanın baş  naziri  Paşinyan  ilə üçtərəfli görüş formatınını   tədqir  edir və sülh müqaviləsi imzalanana  qədər bu formatda görüşlərin intensiv keçirilməsini məqsədəuyğun sayır. Bu barədə Operativ.tv Turan-a istinadən partiyanın bəyanatında bildirilir.

ADR Partiyası Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin bəyanatında  qeyd olunan nəticələr üzrə dövlətlərarası  Sərhəd Komissiyalarının ilk birgə iclasının təşkilini,  nəqliyyat əlaqələrinin bərpa olunmasını,  Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsi ilə bağlı müzakirələri davam etdirmək barədə razılıqın əldə edilməsini, həmçinin əhalinin uzunmüddətli davamlı sülhə hazırlanmasının vacibliyini müsbət qiymətləndirir. 

ADR Partiyası Qarabağdakı etnik erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi yolu ilə  onların   bərabərhüquqlu  vətəndaş  olaraq   Azərbaycana  inteqrasiyasını, ərazi prinsipinə əsaslanan siyasi  statusun  müzakirədən çıxarılmasını məqsədəuyğun hesab edir. 

ADR Partiyası hesab edir ki, danışıqların predmetinə Qarabağda yaşayan etnik ermənilərlə yanaşı işğaldan öncə Dağlıq Qarabağda yaşamış azərbaycanlıların da dogma yurdlarına qayıdışının təmin olunması, Qazax  rayonunun  7   və  Naxçıvanın  Kərki kəndlərinin işğaldan azad  edilməsi,  1-ci Qarabağ  müharibəsi zamanı  əsir  düşmüş vətəndaşlarımızın sonrakı taleyinin araşdırılması da  daxil  edilməlidir. 

ADR  Partiyası   sərhədlərin delimitasiyası və demarkasiyası ilə yanaşı Laçın ərazisində Azərbaycanın nəzarəti altında sərhəd buraxılışı və gömrük nəzarət məntəqəsinin yaradılmasını təklif edir.

ADR  Partiyası   ABŞ prezidenti   Cozef Baydenin  Respublika  günü  ilə  bağlı  İ.Əliyevə  ünvanladığı  təbrik məktubunda   Azərbaycan hakimiyyətini  bütün azərbaycanlıların   hüquqlarını  və fundamental azadlıqlarını  qoruyan demokratik idarəetmə və islahatlar istiqamətində məqsədyönlü addımlar atması çağırışını dəstəkləyir və hakimiyyətdən bu istiqamətdə praktiki fəaliyyət gözləyir. 

ADR  Partiyası  Azərbaycanda demokratikləşmə prosesinə başlamaq üçün ilk növbədə sərbəst toplaşma, sərbəst  birləşmə, söz, fikir və  mətbuat azadlığının  təmin  edilməsinin,  vətəndaş cəmiyyətinin və  siyasi  partiyaların  qeydiyyatına, fəaliyyətinə yaradılmış hüquqi və institutsional baryerlərin  aradan qaldırılmasının, son zamanlar artan siyasi represiyaların və zorakılıqların dayandırılmasının,    28 may Müstəqillik  günündə nəzərdə  tutulan  Əfv fərmanı ilə siyasi məhbusların  qeyd-şərtsiz və  dərhal  azad olunmasının  vacibliyini  bəyan  edir  və  hakimiyyəti  bu  istiqamətdə  real  addımlar  atmağa  çağırır.