“Açıq deyirlər ki, arxamızda Ağstafanın deputatı Nizami Cəfərov dayanır, əliniz hara çatır, gedin”

Ağstafanın Xətai kənd sakini rayonun keçmiş icra nümayəndəsindən şikayətçidir

“Deyirlər, burda bizik, Bağdadda kor xəlifə... Adamların torpaqlarına girirlər, istədikləri yerləri zəbt edirlər, traktor salırlar, əkirlər, biçirlər, etiraz edənə də deyirlər, səni bir gecədə yox eləyərik”.

Ağstafanın Xətai kənd sakini Hüseyn Hüseynov Meydan TV-yə danışır ki, 1998-ci ildə dövlət tərəfindən ailəsinə kənddə - Poylu yolu deyilən ərazidə 42 sot pay torpağı verilib. Həmin sahədə yonca əkib məhsul götürür, bununla da dolanışığını qururmuş. 2016-cı ildə həmin vaxt Ağstafa şəhər icra nümayəndəsi olmuş Nəriman Hacıyev və oğlu Vidadi Hacıyev pay torpağının qonşuluğundakı torpaq sahəsini icarəyə götürüb, taxıl əkib.

Şikayətçi deyir ki, bununla kifayətlənməyən Hacıyevlər onun da torpağına keçərək bir hisəsində taxıl əkməklə torpağı zəbt ediblər. Bu da yetməz kimi, Hacıyevlər öz icarələrində olan torpağa gedən yolu da zəbt edərək taxıl əkiblər. Əvəzində isə Hüseyn Hüseynovun yonca sahəsindən öz torpaqlarına yeni yol açıblar. Bu isə kəndlinin öz torpağından istifadə etməsinə əngəl yaradıb.

“4 il torpağımı əkib, məhsul topladılar”

“Torpaqlarımız yanaşıdır, 4 il idi ki, sahəmizin bir hissəsini də öz sahələrinə qatıb taxıl əkirdilər, məhsul götürüb, pul qazanırdılar. Bizə sanki gözdağı verirdilər. Nəhayət, ötən il əkdikləri taxılı özüm biçdim, daha doğrusu, məhsulu yarıya kimi toplamışdılar, dirəndim, sona qədər toplamağa imkan vermədim, özüm biçdim. Böyük mübahisələrdən sonra torpağımın həmin hissəsindən əl çəkdilər. Əvəzində isə öz torpaqlarına gedən yolu da ələ keçirib taxıl əkdilər. Sonra isə traktoru mənim sahəmdən saldılar, öz torpaqlarına yol düzəltdilər. Açıq -aşkar deyirlər ki, arxamızda Ağstafanın deputatı Nizami Cəfərov dayanır, əliniz hara çatır, gedin... Qalmışıq rayonun 3-5 keçmiş və indiki məmurlarının əlində... İcra hakimiyyətinə şikayət edirik, qarşı tərəfi haqlı çıxarırlar”, - Hüseynov danışır.

“Polisə deyirəm, ölümlə hədələnirəm, soruşur ki, sübutun var?..”

Hüseyn Hüseynov deyir, pay torpağına gedərkən qarşı tərəflə rastlaşanda hədələnir:

“Hədələr barədə DİN 102 Xidmətinə dəfələrlə məlumat vermişəm. Polis gəlir, guya araşdırır, deyirəm: “Məni hədələyirlər, deyirlər, gecəylə yox edərik səni”. Polis deyir: “Sübutun var?” Deyirəm, mən öz pay torpağıma gedəndə yanımda əlavə adamlar gəzdirməliyəm ki, onlar mənə bunu deyəndə şahidlik eləsinlər?”

“Saxta kadastr sənədi alıb”

“Heydər Əliyev o torpaqları kəndlilərə payladı ki, acından ölməsinlər, ancaq keçmiş, indiki məmurlar imkan vermirlər ki, yoncamızı əkib, başımızı saxlayaq. Kasıb oğlanam, atam, anam keçmiş müəllimlərdir, hazırda pensiyaçıdılar. Azyaşlı övladım var, işsizlikdir, valideynlərimin pensiyasıyla dolanmağa məcburam. Olan-qalanımız pay torpağıdır, orda da halallıqla əkib, məhsul götürməyə imkan vermirlər. Bu gün yolu zəbt edib, taxıl əkib, mənim torpağımdan yol açan adamın qarşısını almasam, sabah yavaş-yavaş torpağımın qalan hissəsini də zəbt edəcək. Ən pisi də odur ki, bunlar zəbt etdikcə, həmin zəbtləri sənədləşdirirlər. Mən şikayətlərə başlayanda, qaçıb gedib Əmlak Komitəsi Reyestr Xidmətinin Tovuz Regional Şöbəsindən bir kadastr sənədi alıb gətirdilər, həmin sənəddə təzə yol mənim torpağımın içindən keçir, tamamilə saxta bir sənəddir. Bizə o vaxt pay torpağına dair Dövlət Aktının içində verilmiş kadastr sənədini göstərib deyirəm, burada yol göstərilib. Deyirlər, o, köhnədir, qüvvəsini itirib. Hər yerdə adamları var, istədikləri saxtakarlığı edə bilirlər”.

Meydan TV Nəriman Hacıyevlə əlaqə saxlaya bilməsə də, Ağstafa Rayon İcra Hakimiyyətindən bildirilib ki, bir müddət əvvəl icra hakimiyyətinin nümayəndələri ərazidə olub. Tərəflər arasında mübahisə var, ancaq məlum olub ki, bu mübahisəni həll etmək icra hakimiyyətinin səlahiyyətlərinə daxil deyil. “Hüseyn Hüseynov pay torpağına dair Dövlət Aktını və digər müvafiq sənədlərini toplayıb məhkəməyə müraciət edə bilər”, - qurumdan deyilib.

Elə hüquqşünas Namizəd Səfərov da məsələnin məhkəmədə mübahisələnirilməsini təklif edir.

Meydan TV Nizami Cəfərovla da əlaqə saxlaya bilməyib.