ABŞ-dan Suriyanın şimalına sanksiyalardan imtina

ABŞ Suriyanın şimalında PKK-nın Suriya qolu olan YPG-nin nəzarətində olan ərazilərə tətbiq etdiyi sanksiyaları qismən ləğv edib.
Operativ.tv Cumhuriyyet-ə istinadən verdiyi məlumata görə, ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müşaviri, səfir Viktoriya Nuland dünən verdiyi açıqlamada xarici sərmayələrin bir hissəsinin YPG-nin nəzarətində olan bölgələrə buraxılacağını bildirib. Nuland bildirib ki, bu addım iqtisadi sabitlik vasitəsilə regionda İŞİD-i məğlub etməyə xidmət edəcək.
Bu açıqlamadan sonra ABŞ Maliyyə Nazirliyi Suriyanın şimalında kənd təsərrüfatı, tikinti və maliyyə sektorları da daxil olmaqla 12 sahədə kommersiya fəaliyyətini təsdiqləyib. Digər tərəfdən, Bəşər Əsəd hökuməti ilə və ABŞ-ın sanksiya siyahısında olanlarla fəaliyyətə icazə verilmədiyi vurğulanıb.
Son qərarla rayondan neft və yanacağın alınmasına yol açıldı.
Reuters xəbər agentliyi bildirib ki, son qərar ABŞ-ın Suriyada İŞİD-i məhv etmək strategiyasının bir hissəsidir. ABŞ rəsmiləri də bu addımın İŞİD-in aktiv olduğu bölgələrdə iqtisadi imkanlar yaradaraq xalqa dəstək məqsədi daşıdığını bildirib. ABŞ-ın yüksək rütbəli rəsmisi deyib: “Özəl sektor investisiyaları İŞİD-in dirçəlişinin qarşısını alacaq”.
YPG-yə hərbi dəstək verən ABŞ-ın bu addımının Türkiyənin də reaksiyasına səbəb olacağı gözlənilir. ABŞ rəsmiləri isə Vaşinqtonun bu qərarla bağlı Türkiyə və digər müttəfiqləri ilə danışıqlar apardığını bildirib.