4 minə yaxın iraqlı Belarus sərhədlərindən İraqa repatriasiya olunub

İraq son həftələr Belarus və Avropa İttifaqına üzv olan Polşa, Litva və Latviya arasında sərhəddə qalmış təxminən 4000 vətəndaşını ölkəyə qaytarıb. Bu barədə İraqın xarici işlər naziri Fuad Hüseyn yanvarın 16-da bildirib.

Litvanın xarici işlər naziri Qabrielius Landsbergis ilə Bağdadda keçirdiyi mətbuat konfransında danışan Fuad Hüseyn bildirib ki, İraq hökuməti noyabrın 18-dən etibarən öz vətəndaşlarının vətənə qaytarılması üçün Bağdaddan Belarusa 10 reys təşkil edib.

Bununla yanaşı, İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Əl-Səhaf daha sonra Fransa xəbər agentliyinə bildirib ki, 3817 iraqlı miqrant Belarusdan, 112 nəfər isə Litvadan vətənə qaytarılıb.

Sahaf bəzi iraqlıların hələ də Belarusda qaldığını, lakin “çətin hava şəraiti və mürəkkəb mühitin xilasedicilərə onların sayını müəyyən etməyə imkan vermədiyini” deyib.

Avropa İttifaqı Belarusda Aleksandr Lukaşenko rejimini 2020-ci ilin avqust ayında mübahisəli səsvermədən sonra Lukaşenkonun onun yenidən seçilməsinə etiraz edənlərə qarşı təqiblərindən sonra Qərbin tətbiq etdiyi sanksiyalara cavab olaraq, “hibrid hücum” çərçivəsində əksəriyyəti Yaxın Şərqdən olan minlərlə miqrantı Polşa, Latviya və Litva sərhədlərinə yönəltməkdə ittiham edir.

Belarus bu iddianı rədd edib və Avropa İttifaqını miqrantları qəbul etmədiyinə görə tənqid edib.

 

Amerikanın səsi.