Zərərçəkmiş: “Ata Abdullayev şantaj yolu ilə məndən 10 min manat istədi”

Ata Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi keçirilən prosesdə ittiham aktı elan edilib.

İttihama görə, Ata Abdullayev müxtəlif şəxslərdən onlar haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul tələb edib.

İttihama əsasən, o, Gənclər və İdman Nazirliyinin tabeliyində Avropa Oyunları və Formula-1 yarışlarıyla bağlı Əməliyyat Komitəsində çalışan Elmar Əliyevə zəng edərək, ondan 10 min manat istəyib. Nəticədə ondan 2400 manatlıq iPhone 11 Pro Max telefonu alıb.

Bundan başqa, A. Abdullayev Abşeron rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənovdan 6000 manat istəyib, onu Masazırda məişət tullantılarının vaxtında daşınmamasıyla bağlı video yaymaqla hədələyib.

O, aşmış ağacı videoya çəkərək, sahibkar Cəmil Babayevi ağacları kəsməkdə ittiham etməklə ondan da pul tələb edib. Sabunçu rayonunda sahibkar Elçin Əliyevi qanunsuz tikinti aparmaqda ittiham edərək, ondan 15000 manat tələb edib.

İttihama münasibət bildirən Ata Abdullayev orada yazılanlarla razı olmadığını bildirib.

Daha sonra zərərçəkmiş Elmar Əliyev ifadə verərək bildirib ki, Ata Abdullayevlə bir neçə dəfə telefon danışığı olub: “Mənimlə aqressiv danışırdı. Çox tez-tez danışırdı, nə dediyini tam anlamaq olmurdu. Onu həyatda görməmişdim, sosial şəbəkələrdən tanıyırdım. Mənim biznes şərikim vardı, onunla aramızda problem oldu. Bundan sonra Ata Abdullayev mənə zəng elədi. Deyirdi ki, sən məmursan, dövlətin malını yeyirsən, talayırsan, satırsan. Guya mən Avropa Oyunlarından sonra Olimpiya kəndində evlərdən mebelləri və başqa əşyaları mənimsəmişəm, satmışam. Əlbəttə ki, yalandır. O mənə zəng eləyəndə fikirləşdim ki, ictimaiyyət arasında tanınan adam deyiləm, məmur deyiləm, niyə mənə zəng eləsin? Mən müqavilə ilə işləyən mühasib olmuşam. İngilis dilini bildiyimə görə dəvət ediblər, xarici mütəxəssislərlə işləmişəm. Anladım ki, şərikim Turalın sifarişidir. Özü də növbəti zəngdə mənə dedi ki, sən Turalı döymüsən və s. Onda tam əmin oldum. Pulu vermədim, canlı yayım açıb, mənim haqqımda danışdı. Bunu mənə tanışlar, qohumlar zəng eləyib xəbər verdi. Əvvəl 10 min manat demişdi, sonra "iPhone" istədi. Dostumdan xahiş elədim, 2400 manata aldı, Ata Abdullayevin göndərdiyi adama verdi. Dostum telefonu alanda kodunu çəkib saxlamışdı. Bundan sonra Ata Abdullayev məndən əl çəkdi, canlı yayımı da sildi”.

Ata Abdullayev zərərçəkmişin yalan danışdığını, onun haqqında heç bir video yaymadığını, onu şantaj etmədiyini bildirib.

Ata Abdullayev deyib ki, onun Elmar Əliyevdən telefon aldığını təsdiqləyən heç bir sübut yoxdur: "Heç bir sübut yoxdur. Olmayan video ilə məni ittiham edirlər”.

Məhkəmə prosesi oktyabrın 26-da davam etdiriləcək.

Qeyd edək ki, A. Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb.

O, Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə ittiham edilərək bərəsində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə 4 nəfər - Əliyev Elmar Ziyafət oğlu, Babayev Cəmil Alim oğlu, Əliyev Elçin Qulamağa oğlu və Həsənov Şahlar Şahmar oğlu zərərçəkmiş qismində tanınıb.