Yüzlərlə miqrant Belarus-Polşa sərhədində acınacaqlı vəziyyətlə üz-üzədirlər (VİDEO)

Belarus-Polşa və Belarus-Litva sərhədlərində qalmış qeyri-qanuni mühacirlər acınacaqlı vəziyyətlə üz-üzədirlər.

SalamNews xəbər verir ki, beynəlxalq təşkilatlar Belarusi-Polşa sərhədində toplaşmış və həftələrdir buradakı meşələrdə qalmış mühacirlərin acınacaqlı vəziyyətilə bağlı xəbərdarlıq ediblər.

Polşa miqrantların Belarusla şərq sərhədindən ölkəyə daxil olmaq üçün cəhd etdiklərini bildirib və bunun qarşısını aldığını elan edərək, minlərlə miqrantın hələ də həmin sərhəd bölgəsinə doğru yolda olduğuna dair xəbərdarlıq edib.

Videolarda yüzlərlə miqrantın tikanlı məftildən aşmağa çalışdığı əks olunub.

Bazar ertəsi Polşa hökuməti sərhədi keçmək cəhdlərinin şahidi olan bölgəyə 12 min sərhədçinin yerləşdirilməsi ilə eyni vaxtda digər dövlət və təşkilatları fövqəladə zirvə toplantısı keçirməyə çağırıb.

Polşa Belarusu miqrantları sərhədə sıxışdırmaqda və istiqamətləndirməkdə ittiham edərək, bunu öz ərazisinə təcavüz kimi qiymətləndirib.

Qeyd edək ki, bundan şikayət edən tək Polşa deyil, Litva və Latviya da eyni ittihamları səsləndiriblər.