Yurdda demokratiya, cahanda demokratiya: Azərbaycan sammitə niyə dəvət edilmədi?

9-10 dekabrda ABŞ-ın təşkil etdiyi "demokratiya sammiti"ndə iştiraka dəvət almış 109 dövlət arasında Azərbaycanın və Türkiyənin adının olmaması ölkə daxilində birmənalı qarşılanmayıb. Hakimiyyətyönlü media Ermənistanın adının siyahıda olması və Azərbaycanın adının dəvətlilər arasında olmamasını ABŞ-ın ikili standartlarla yanaşması kimi qələmə verirlər. Həqiqətənmi ABŞ bu məsələdə ikili yanaşma tətbiq edib?Vaşinqtonda mənzillənən azərbaycanəsilli jurnalist Aleks (Ələkbər) Raufoğlu mövzu ilə bağlı ASTNA-nın suallarını cavablandırıb.

* * *

Sual: Ələkbər bəy,  Azərbaycan Demokratiya sammitinə niyə dəvət edilməyib?

Cavab: Vaşinqtonda rəsmilər, bir qayda olaraq, qarşıdakı sammitə dəvət almamış ölkələr barədə danışmağa həvəsli deyillər. Əslində, bunun özü sualınıza bir cavabdır...

Administrasiyanın qarşıdakı sammitə yanaşmasının arxasındakı məntiq və strategiya odur ki, dəvətli ölkələr öz nümunələrində masaya müəyyən təkliflər qoymaq, o cümlədən yeni çağırışlara hazırlıq ifadə etmək və konkret öhdəliklər götürmək istəyində və iradəsində olmalıdır. Əsas prioritet xüsusilə demokratik dəyərlərə bağlı siyasət və institutların mövcud olduğu dövlətlərə verilib. Məqsəd təkcə o deyil ki, liderlər özlərini klubda yad hiss etməsinlər, eyni zamanda onların ölkələrində demokratik inkişaf tarixçəsinin “doğum günü” sıfırdan - yəni sammitin keçiriləcəyi 9-10 dekabrdan deyil (yeri gəlmişkən, sammit üçün Beynəlxalq İnsan Haqları gününün seçilməsi diqqətçəkəndir), qat-qat əvvəldən hesablanmalıdır.

Öhdəliklərə gəldikdə, söhbət 3 mühüm istiqamətdən gedir: avtoritarizmdən müdafiə; korrupsiya ilə mübarizə; və ölkə daxilində və xaricdə insan hüquqlarına hörmətin təşviq edilməsi. Bayden komandası anlayır ki, ilk növbədə bu öhdəliklər ABŞ-ın özü üçün lazımdır, belə ki, son illər ərzində evin içində demokratiyanın zəifləməsi, onun qlobal siyasətdə roluna də mühüm təsir göstərib. Odur ki, böyük Atatürkün tarixi devizini günümüzə tətbiq etsək, Ağ Evin qarşıdakı sammttə yanaşmasını “Yurdda demokratiya, cahanda demokratiya” şüarı ilə xarakterizə edə bilərik.

Azərbaycana gəldikdə, təəssüf ki, hakimiyyət son illər ərzində ölkədə demokratik açılıma iddia edəcək konkret nümunə ortaya qoymayıb. Bakıdakı rəsmilər bu yöndə Qərblə dialoqa həvəs belə göstərməyiblər. Bununla da onlar özünütəcrid xəttini təmsilçi demokratiyalar ilə bir cərgədə olmaqdan daha üstün tutublar. Düzdür, vaxtaşırı olaraq hakimiyyətin Qərbdəki lobbiçiləri demokratik islahatlar adına müəyyən bəyanatlara, hətta ölkə rəhbəri səviyyəsində nitqlərə istinadlar ediblər, amma eyni zamanda Bakıda rəsmilər hər dəfə imkan düşəndə Qərb siyasətçilərinə Azərbaycanda demokratiya barədə fikir səsləndirməyi irad tutmağı özlərinə borc biliblər.

Beləliklə, doğru və ya yalnış - belə təəssürat formalaşıb ki, Azərbaycan hakimiyyətinin qarşıdakı sammitdə iştirakı üçün zəruri olan məcaz və ya iştaha təkcə Vaşinqtonda deyil, Bakının özündə də yetərli qədər olmayıb. Odur ki, belə bir dəvətin Azərbaycan rəhbərliyinə göndərilməsi əslində, hər iki paytaxtda çoxları üçün xəbər olardı, o cümlədən güman ki, dəvətlilərin özləri üçün.

Sual: Ermənistanın sammitə dəvət almasını, Azərbaycan və Türkiyənin bu dəvətdən kənarda qalmasını hakimiyyət mediası ABŞ-ın ikili standartlarla yanaşması kimi qələmə verir. Sizcə, həqiqətənmi, ikili standarlarla yanaşma mövcuddur? Ola bilərmi, ABŞ demokrayidan uzaqvuran silah kimi istifadə edərək, Azərbaycanı və Türkiyəni demokratiya silahı ilə təhdid etmək, cəzalandırmaq istəyir? Yoxsa, bu dəvətin olmamasına Azərbaycan və Türkiyə hakimiyyətləri səbəbkardır?

Cavab: Tanış ritorikadır.. Əslində Prezident Baydenin Demokratiya Sammitini cəlbedici edən onun ekskluzivliyidir – ilk dəfədir ki, ABŞ dəvətli ölkələrlə bir masa arxasında məxsusi olaraq bu mövzu ətrafında danışmaq üçün bir araya gəlir...  Hərçənd ki, adlarını qeyd etdiyiniz ölkələr – mən bura Rusiyanı da daxil edərdim – son illər ərzində Vaşinqtona məhz bu mövzudan başqa, bütün digər məsələlərdə dialoq aparmağı təklif ediblər...

Digər tərəfdən, ABŞ rəsmilərinin nəzərində tərəfdaş ölkələrlə münasibətlərdə demokratiya və insan hüquqları gündəliyi yalnız qarşıdakı Demokratiya Sammiti ilə məhdudlaşmır, onlar məsələn ATƏT çərçivəsində bu ölkələrin davranışlarına da istinad ediblər. Həm Azərbaycan, həm də Türkiyə 2020-ci ildə ATƏT-də Media Koordinatoru, Demokratik Təsisatlar Bürosunun rəhbəri daxil olmaqla, bir neçə mühüm postların təyinatına bir neçə ay blok qoymaqla təşkilatın bu istiqamətdə fəaliyyətini iflic etmişdi. Rusiya isə bu payız bir qədər də irəli gedərək, ATƏT-in illik İnsan Haqları və Demokratik İnstitutlar Ofisinin təşkil etdiyi illik Sammiti bloklayıb.

Ermənistan yuxarıda bəhs etdiyim bu və bu kimi davranışların heç birində iştirak etməyib. 

Digər tərəfdən, nə qədər paradoksal səslənsə də, şəxsi söhbətlərdə Qafqazpərəst ekspertlərin əksəriyyəti Ermənistanın Demokratiya Sammitinə dəvət olunmasını “anti-Azərbaycan” və yaxud “ikili standart” deyil, əksinə, regional sülhün xeyrinə atılmış addım kimi dəyərləndirirlər. Əlbəttə, könül istərdi ki, Azərbaycan da bu tədbirdə hər hansı formada - ən azından vətəndaş cəmiyyəti səviyyəsində - iştirak imkanı əldə edərdi.  Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olması region ölkələrinin demokratik inkişafından keçir. Bu qatarın regionumuzdan yan keçməməsi ora kimin daha tez minməsindən daha vacibdir...

Sual: Ola bilərmi Rusiyanın regionda söz sahibi olması, Türkiyə ilə yaxınlaşması bu dəvətin olmamasında böyük rol oynayıb?

Cavab: NATO üzvü Türkiyə ABŞ-ın regiona əsas müttəfiqi olaraq qalır. Rusiya amili Pentaqonda və digər məkanlarda aparılan ikitərəfli təmaslarda əlbəttə ki, yadlara düşür, amma düşünmürəm ki, bunun birbaşa olaraq Demokratiya Sammiti ilə bağlı qərara birbaşa təsiri olsun.

Əsl səbəblərə gəldikdə, mən sizin diqqətinizi təkcə bir epizoda - bu yaxınlarda Türkiyə rəhbərliyinin insan haqlarına aid bir bəyanata görə Qərb diplomatlarını, o cümlədən ABŞ səfirini, arzuolunmaz şəxs hesab edə biləcəyi barədə ritorikaya çəkmək istərdim. Təəssüf ki, bu və bu kimi nümunələrlə Ankaranın demokratiya masasından uzaq düşəcəyi gözlənilən idi, və hər nə qədər, amerikalılar demiş, “ağır udulası həb” olsa da, nə Ankarada, nə də elə Moskva və Bakıdakı rəsmilər bu sadə reallığı belə çətinliklə öyrənməli idilər...

Sual: Hələ vaxta var. Ola bilərmi, həmin vaxta qədər Azərbaycan sammitə dəvət alsın?

Cavab:  Dekabrın 9-10-da keçiriləcək sammit prosesin yalnız ilkin mərhələsidir və ora qatılacaq ölkələrin siyahısı artıq mediaya sızdırılıb; onun həqiqiliyi isə təşkilatçılar tərəfindən inkar olunmayıb. Azərbaycan bu dəfə olmasa da, qarşıdakı il və illərdə marafona qoşulmaq şansını qaçırmamalıdır, əlbəttə ki, belə bir imkan yaranarsa və Bakının buna marağı olarsa… Bütün hallarda, iki ölkə arasında demokratiya sahəsində açıq dialoqların bərpası indi həmişəkindən daha vacibdir. 

Təəssüf ki, geniş ictimaiyyət son həftələrdə Bakı və Vaşinqton arasında baş tutmuş təmaslar – əvvəlcə Dövlət Depatramentindən edilən səfərlər, ardınca də ABŞ-a göndərilmiş Azərbaycan parlamentarilərindən ibarət qrupun görüşləri barədə yalnız səthi məlumata malikdir. Medianın, xüsusilə də müstəqil jurnalistlərin bu təmaslardan uzaq tutulması işin əhəmiyyətini nəzərəçarpacaq dərəcədə sarsıdır.

Əgər Bakıdakı rəsmilər təmasların “köhnə qaydalarla” davamına ümid bəsləyirlərsə, bu işin uğur əmsalı üzərində də bəzən ciddi düşünməlidirlər. 

Sual: Bir tərəfdən ABŞ demokratiya sammitinə dəvət etmir. O biri tərəfdən isə iqtisadi, siyasi əməkdaşlığı davam etdirir. Bunu necə anlayaq?

Cavab: Mühüm sualdır, hərçənd ki, Vaşinqtonda rəsmilər bu iki davranış arasında xüsusi təzad görmürlər… 

Məsələ ondadır ki, sammitə dəvət edilib edilməməsindən asılı olmayaraq, ABŞ bir qayda olaraq,  demokratiya səhnəsində axsayan dövlətlərlə də müxtəlif sahələrdə əməkdaşlıq təcrübəsinə malikdir, bir şərtlə ki, bu ölkələr beynəlxalq təhlükəsizliyə və demokratiyaya hədə yaratmasınlar.

Sammit ərəfəsində Vaşinqtonda ekspertlər arasında ən çox müzakirə olunan mövzulardan biri də əslində elə budur: prosesdən kənarda qalmış və yaxud, necə deyərlər, “süzgəcdən keçə bilməmiş”, ölkələrə münasibətdə ABŞ gələcəkdə necə davransın?

İlk növbədə sammitə dəvət ala bilmiş yarı-demokratik və qeyri-demokratik ölkələri təhlil etdikdə belə qənaətə gəlmək olar ki, Bayden Administrasiyası təkpartiyalı rejimləri hərbi və “dəmir yumruqla” idarə olunan, şəxsiyyətə pərəstişin hakim olduğu rejimlərdən daha üstün tutur, məsələn, Sinqapur kimi… Avtoritar olsa da, bu ölkədə rejim əsaslı şəkildə legitim, inkişaf və beynəlxalq miqyasda mövcud status-kvoya malikdir. 

Sual: Bu kimi sammitlərdə Azərbaycanın ilk dəvət alanların siyahısında olması üçün hansı addımlar atılmalıdır? Yoxsa, bu bizim üçün heç də əhəmiyyətli deyil?

Cavab: Sammitin əhəmiyyəti və onun hər hansı bir nəticə verib verməyəcəyi əlbəttə ki, başqa günün mövzusudur. Ağ Evdə prezident köməkçiləri hələ ki, qarşıdakı tədbirin gündəliyini müəyyən etməkdədirlər və bu proses demək olar ki, tam məxfilik şəraitində davam erdir.

Dəhlizlərdə gedən müzakirələrdən o bəllidir ki, təxminən 100-ə qədər ölkənin rəsmi heyəti ilə yanaşı vətəndaş cəmiyyətindən də çıxışçılar dəvət edilib. Əsas sessiya ilə yanaşı, bir neçə mövzuda müzakirələr davam etdiriləcək. Bura bayaq haqqında bəhs etdiyim 3 mövzu – antikorrusiya, insan haqları və avtoritarizmlə mübarizə - ilə yanaşı köməkçi mövzular (subtopiklər) da daxil olacaq. Məsələn, media azadlığının genişlənməsi, pandemiya qadağalarının ləğvi, spesifik antikorrupsiya islahatları və sair. 

Liderlər öz çıxışlarında bu mövzularda öhdəliklər bəyan etməlidirilər və beləliklə də, növbəti sammit - 2022-ci ilin sonunda keçiriləcək – üçün yol xəritəsi yaradılmalıdır.  Onlar həmçinin öz ölkələrində vətəndaş cəmiyyətinin inkişafı üçün öhdəliklərini həyata keçirmək mexanizmlərini ortaya qoymalıdırlar. Milli fəaliyyət planlarının qəbulu burada mühüm istiqamətlərdən biri olacaq.

Bütün bunları nəzərə aldıqda, Azərbaycan əgər gələcəkdə bu kimi sammitlərdə dəvətlilər siyahısında yer almaq istəyirsə, ilk növbədə bəri başdan öz təşəbbüsü əsasında “ev tapşırığı” icra etməli və  prosesə daha hazırlıqlı – təkcə sammitə düşmək naminə deyil, ümumilikdə ölkədə vəziyyəti yaxşılığa doğru dəyişmək fürsəti olaraq yanaşmalıdır. 

Başqa sözlə, lotoreya uda bilmək üçün bilet almaqda bəzən fayda var. 

Kamran Mahmudov