Yoluxma da artır, ölüm də...

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4426 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 1995 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı dekabrın 1-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 41 nəfər də vəfat edib: "Azərbaycanda indiyədək ümumilikdə 125602 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 76897 nəfər müalicə olunaraq sağalıb, 1433 nəfər vəfat edib, aktiv xəstə sayı 47272 nəfərdir".

Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 17621, hazırkı dövrədək isə ümumilikdə 1746198 test aparılıb.

Rəsmi qurumların açıqlamasına görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var. Hətta belə xəstələrin sayının getdikcə artdığı söylənir. Amma belə söyləntilər, hələlik, rəsmi təsdiq edilməyib.

Azərbaycanda bu virusa ilk yoluxma halının fevralın 28-də aşkarlandığı açıqlanıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1 milyon 400 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.