Yol hərəkəti qanununda dəyişikliklər olub

Prezident İlham Əliyev "Yol hərəkəti haqqında” qanuna dəyişiklikləri imzalayaraq onların tətbiqinə fərman verib.
 
Bu barədə "Novator.az" xəbər verib.
 
Xəbərdə bildirilir ki, qanuna yol hərəkətinin təşkilinin texniki vasitələri anlayışı daxil edilib. Vasitələr dedikdə yollarda hərəkətin təşkili və tənzimlənməsi, o cümlədən nəqliyyat vasitələrinin və piyadaların təhlükəsizliyinin və fasiləsiz hərəkətinin təmin edilməsi, yolların buraxıcılıq qabiliyyətinin artırılması üçün tətbiq edilən qurğular, avadanlıqlar və təsvirlər (svetoforlar, yol nişanları, nişanlama xətləri, qoruyucu sədlər, dirəkciklər və s.) nəzərdə tutulur.
 
Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri zamanı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsini tənzimləyən 9-cu maddədə yeniliyə əsasən, avtomobil yollarında svetoforlar, yol nişanları, nişanlama xətləri və yol hərəkətinin təşkilinin digər texniki vasitələri Daxili İşlər Nazirliyinin, Bakı şəhərinin inzibati ərazisində isə Bakı Nəqliyyat Agentliyinin (svetoforlar və yol nişanlarına münasibətdə Baş Dövlət Yol Polisi İdarəsinin rəyi nəzərə alınmaqla) müəyyən etdiyi qaydaya uyğun tətbiq olunur.
 
Başqa bir yeniliyə görə, müvəqqəti yol nişanları texniki göstəricilərinə və quraşdırılma yerinə görə daimi nişanlardan fərqlənməlidir. Müvəqqəti yol nişanlarının istifadə edilməsinə ehtiyac qalmayıbsa, bu nişanlar təcili çıxarılmalıdır.
 
Eyni yol sahəsində quraşdırılmış yol nişanlarının tələbləri, habelə müvəqqəti yol nişanları və müvəqqəti nişanlama xətləri istisna olmaqla yol nişanları ilə digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir. Müvəqqəti yol nişanlarının tələbləri ilə daimi yol nişanlarının, nişanlama xətlərinin və digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq olarsa, müvəqqəti yol nişanlarına üstünlük verilməlidir. Müvəqqəti yol nişanları ilə müvəqqəti nişanlanma xətləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir.
 
Qanunda başqa bir yenilik bəzi məcburi hərəkət istiqaməti nişanlarının marşrut sxemi üzrə reyslərin yerinə yetirilməsi zamanı ümumi istifadədə olan nəqliyyat vasitələrinə şamil edilməməsini nəzərdə tutur.
 
Digər dəyişikliyə əsasən, müvəqqəti nişanlama xətləri rənginə görə digər nişanlama xətlərindən fərqlənməlidir. Eyni yol sahəsində tətbiq edilmiş nişanlanma xətlərinin tələbləri, habelə müvəqqəti yol nişanları və müvəqqəti nişanlanma xətləri istisna olmaqla nişanlama xətləri ilə digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir. Müvəqqəti nişanlama xətləri ilə digər nişanlama xətlərinin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq olarsa, müvəqqəti nişanlama xətlərinə üstünlük verilməlidir.