Yəmənin Şəbva əyalətində gedən döyüşlərdə tərəflər 500-dən çox canlı itki veriblər

Səudiyyə Ərəbistanı koalisiyasının dəstəklədiyi hökumət qüvvələri və mərkəzi qərargahları paytaxt Sənada yerləşən “Yəmən Silahlı Qüvvələri”nin (husilər) hər biri qarşı tərəfin yüzlərlə itki verdiyini açıqlayıb.

SalamNews xəbər verir ki, husilərin sözçüsü briqada generalı Yəhya Səri bu gün rəsmi tvitter hesabı üzərindən Şəbva əyalətində gedən döyüşlər haqda bəyanat verib.

O bildirib ki, Səudiyyə və BƏƏ-nin dəstəklədiyi qüvvələr 515 canlı itki verib. Y.Sərinin sözlərinə görə Səudiyyə Ərəbistanın dəstəklədiyi qüvvələrin 102 hərbi və nəqliyyat texnikası sıradan çıxarılıb.

Eyni zamanda Səudiyyə Ərəbistanı koalisiyası da Şəbva əyalətində husilərin yüzlərlə itki verdiyini açıqlayıb. Səudiyyə Ərəbistanı koalisiyası Yəmənin Şəbva əyalətinin bütün rayonlarının husilərdən geri alındığı və Yəməndə “Hurriyyət əl-Yəmən əs-Səid” adlı yeni hərbi əməliyyata başladıqlarını elan edib.