“Yaxın Şərq NATO-su"nun məqsədi sabitliyi pozmaq və silah satmaqdır – İran

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Ərəb-İsrail koalisiyası və ya “Yaxın Şərq NATO-su” ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, Səid Xətibzadə bu günkü mətbuat konfransında Ərəb-İsrail koalisiyası və ya “Yaxın Şərq NATO-su”nun yaradılması ilə bağlı fikirlərin “illüziyadan başqa bir şey olmadığını” deyib.

“Yaxın Şərq NATO-su" fikrinin ortaya atılmasından məqsəd sabitliyin pozulması və daha çox silah satmaq olduğunu bildirən Xətibzadə əlavə edib ki, əksinə ABŞ və İsrailin bölgəyə gəlməsi ilə təhlükə daha da artacaq.

Qeyd edək ki, bundan öncə İordaniyanın kralı İkinci Abdullah ABŞ mətbuatına açıqlamasında Yaxın Şərqdə NATO-ya bənzər hərbi alyansın yaradılmasının tərəfdarı olduğunu bildirib. Bəzi KİV-lərin məlumatına görə ABŞ prezidenti Co Baydenin gələn ay bölgəyə səfərində bu məsələ müzakirə ediləcək.