"Yaşlı qadını heç kim orda işləməyə məcbur etmir"

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, deputat Musa Quliyev ötən gün sosial şəbəkələrin müzakirə mövzusuna çevrilən "KamAZ” markalı avtomobilə vurulan Cəmilə Salahova haqda fikirlərini açıqlayıb.
 
Deputat deyib ki, baş verən olay yol-nəqliyyat hadisəsidir. Maşın yaşlı adamı da, cavanı da, uşağı da, işləyəni, işləməyəni də vura bilər:
 
"Bu səbəbdən mənə elə gəlir ki, gedən bu müzakirələr, sadəcə olaraq, yersizdir. Bu cür yanaşmanı düzgün qəbul etmirəm. Yaşlı qadını heç kim orada işləməyə məcbur etmir. Məgər, onu məcburi işlədirlər?! Ola bilər ki, əvvəlcədən o işlə məşğul olub, işdən anlayışı var, fiziki imkanları da şərait yaradır və beləliklə, öz çörək pulunu qazanır”.
 
Yaşlı qadının küçə süpürməsinə gəlincə, Musa Quliyev bildirib ki, Azərbaycanda qeyri-ixtisas peşə sahələri ilə məşğul olan şəxslərə yaş məhdudiyyəti qoyulmur:
 
"Yaş məhdudiyyəti işçi tələbatı çox, sahə mütəxəssisi kifayət qədər, intellektual əməklə məşğul olan və lazımi işləri yerinə yetirə bilməyən şəxslərə qoyulur. Fiziki əməklə məşğul olanlara belə bir məhdudiyyət qoyulmur. Məsələn, qeyri-ixtisaslı peşə sahibləri - fəhlələr, təmizləmə, yaşıllaşdırma işi ilə məşğul olanlar işləyirsə və onun fiziki gücü, sağlamlığı imkan verirsə, ona niyə qadağa qoyulsun ki?! Məhdudiyyət məsələsi yalnız dövlət büdcəsindən maaliyyələşən şəxslərə qoyulur. Müəllimlər, həkimlər, mühəndislər bu qəbildəndir. Çünki onlar yaşlanıb, müəyyən yaşa çatdıqdan sonra yenilikləri qəbul edə bilmirlər. Bunun üçün onlara yaş məhdudiyyəti qoyulur ki, yerlərinə gənc kadrlar cəlb oluna bilsin”.
 
meydan.tv