Yanğın əhalinin əmlakına zərər vurub, ev heyvanları ölüb

Bir neçə kəndin əhalisinin təxliyə olunduğu bildirilir

Meşə yanğınları Şabranın Dağ Bilici kəndində 7 ailənin əmlakına ciddi zərər vurub.

Bir ev tamamilə yanıb, çox sayda ev heyvanı tələf olub. 10 kəndin əkin sahələri isə alovlar içində qalıb.

“Ecofront”un hadisə yerində olan əməkdaşı yandığının hələ də davam etdiyini söyləyir. Bildirir ki, bəzi yerlərdə yanğın lokallaşdırılıb, lakin əvvəlcədən söndürülmüş meşəlik ərazilərin bəzisində yenidən alovlar görünür.

“Hazırda Şabranın Çayqışlaq kəndindən Dağ Bilici kəndi istiqamətinə 2 hissədə yanğın yayılmaqda davam edir. Həmçinin, Qalaaltı kəndinin cənub-qərb hissəsində və Çayqışlaq kəndindən şimal istiqamətə yanğının davam etdiyi bildirilir. Ümumilikdə, bu gün etibarilə 1000 hektardan artıq ərazi yanıb”.

Fövqəladə Hallar Nazirliyinin (FHN) bu barədə yaydığı ən son məlumatda qeyd edilir ki, hazırda yanğınların genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam edir. Yanğınsöndürmə əməliyyatlarının əksəriyyəti texnikanın və şəxsi heyətin hərəkəti üçün əlverişsiz olan mürəkkəb dağlıq relyefdə həyata keçirilir:

“Şabran, Qəbələ, Quba, Siyəzən və Xaçmaz rayonlarında meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınlarla mübarizə tədbirlərində müvafiq dövlət qurumlarından ümumilikdə 1140 nəfərdən çox canlı qüvvədən və müxtəlif təyinatlı 120 ədəd texnikadan istifadə edilir”.

Foto: Ecofront

FHN bildirir ki, yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, Şimal və Şimal-qərb regional mərkəzlərinin, Mülki müdafiə qoşunlarının və Xüsusi Riskli Xilasetmə Xidmətinin 740 nəfərdən çox şəxsi heyəti və 80-ə qədər xüsusi texnikası, o cümlədən FHN-in Aviasiya dəstəsinə məxsus “BE 200 ÇS” amfibiya təyyarəsi və 2 ədəd helikopteri iştirak edir. Bundan əlavə, yanğınların söndürülməsi əməliyyatlarına Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin və yerli icra hakimiyyətlərinin 400 nəfərdən çox canlı qüvvəsi və 40-dan çox texnikası da cəlb edilib:

“Yanğınların qarşısının alınması işlərində Daxili İşlər Nazirliyinin və “Azərsu” ASC-nin əməkdaşları da iştirak edir. Hazırda nəzarətə götürülən yanğın baş vermiş ərazilərdə soyutma işləri aparılır. İsti və küləkli hava şəraitinə baxmayaraq, yanğın ocaqlarının tam söndürülməsi məqsədi ilə əməliyyatlar davam etdirilir”.

Şabran rayonunda davam edən yanğınla bağlı artıq bir neçə kəndin əhalisinin təxliyə olunduğu bildirilir.

“Turan” İnformasiya Agentliyinə danışan yerli sakinlər bildiriblər ki, Xəlfələr, Dağ Bilici və daha bir kəndin əhalisi təhlükəsiz yerə köçürülüb:

“Hazırda əkinlər də yanır. Fövqəladə Hallar Nazirliyi və kənd əhalisi birləşərək yanğınları söndürməyə çalışır”.

“Ecofront” xəbərdarlıq edir ki, Çıraqqala və Məşrifdən başlayaraq Şabranın Zeyvə və Qubanın Çiçi kəndlərinə qədər meşənin içində neft buruqları, eyni zamanda neft çənləri,neft kəmərləri var. Əgər yanğın neft infrastrukturuna keçsə, ya keçibsə, onu söndürmək daha da çətin olacaq. Bu da təbiətə və iqtisadiyyata dəyən ziyanı daha da artıracaq.

Yanğının avqustun 15-də Şabran rayonunun Xəlfələr kəndində, əkin sahəsində başladığı deyilir. Bundan sonra alovlar sürətlə rayonun Dağbilici, Mumlu, Zöhramlı kəndlərinə yayılıb.

FHN-in avqustun 17-də açıqladığı məlumatda bildirilib ki, respublika üzrə 154 yanğına çıxış qeydə alınıb. Onun da 38-i Şimal bölgəsinin payına düşüb.

 

Meydan TV