XİN Azərbaycanın diplomatik nümayəndəliklərinin mühafizəsinin gücləndirilməsini tələb edib

“Törədilən əməllərə hüquqi qiymətin verilməsini gözləyirik”

Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq son bir həftə ərzində xarici ölkələrdəki diplomatik nümayəndəliklərlə və xaricdə yaşayan azərbaycanlılara qarşı ermənilər tərəfdən hücumların keçirildiyini bildirib.

Bəyanatda qeyd edilib ki, bu hücumlar iyulun 12-də Tovuz istiqamətində başlayan döyüşlərdən sonra olub.

“Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland, Belçikada Azərbaycanın diplomatik nümayəndəliklərinin binalarına, eləcə də bu ölkələrdə dinc yolla fikirlərini ifadə edən azərbaycanlı nümayişçilərə qarşı törədilən erməni təxribatları özündə vandalizm və terror elementlərini ehtiva edib. Bilərəkdən azərbaycanlı icmaların üzvlərinə, diplomatlara və onların mülklərinə xəsarət yetirmək məqsədini güdməklə cinayət məsuliyyəti doğuran əməllər kimi səciyyələndirilir”, - bəyanatda deyilir.

XİN xatırladıb ki, ötən əsrin 70-80-ci illərində ASALA erməni terror təşkilatı 22 ölkədə 235 –dən artıq terror aktı törədib və nəticədə 24 türk diplomatı qətlə yetirilib.

XİN bəyan edib ki, müvafiq ölkələrdə bu kimi təxribatların qarşısının alınmasına məsul olan qurumların vəzifələrinə tam məsuliyyətlə yanaşmalarını gözləyir.

“Azərbaycan tərəfi dost ölkələrə müraciət edərək, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin mühafizəsinin, diplomatların toxunulmazlığı və təhlükəsizliyinin, həmçinin soydaşlarımızın təhlükəsizliyinin möhkəmləndirilməsinə diqqəti artırmağa çağırır”.

Bundan başqa XİN dövlətlərin hüquq mühafizə orqanları tərəfindən məsələlərin araşdırılmasını və bu cinayətləri törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməsini tələb edib.

Ermənistanın Almaniyadakı səfirliyi isə bəyan edib ki, iyulun 23-də gecə saatlarında Berlində səfirliyə məxsus xidməti avtomobil yandırılıb. Bildirilib ki, hazırda polis qəsdən yandırılma versiyasını yoxlayır.

Səfirliyin qarşısında yandırılan maşın