Xalq Hərəkatının iki fəalından xəbər yoxdur

Vəkil Yavər Hüseynin müdafiə etdiyi Azərbaycan Xalq Hərəkatının (AXH) fəalları İlyas Abdullayev və Yavər Mikayılov ilə görüşünə hələ də icazə verilməyib. Onlar mayın 18-də saxlanılıb. Bu barədə Turan-a Yavər Hüseynin özü bildirib.

"Hər iki şəxsin Daxili İşlər Nazirliynin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) saxlandığını güman etməyə əsaslarım var. Mən müdafiə etdiyim şəxslərə qarşı ittiham irəli sürülüb-sürülməməsi barədə məlumatsızam. Çünki artıq bir neçə dəfə Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa müraciət edərək saxlanılan şəxslərin taleyinə aydınlıq gətirilməsini xahiş etmişəm. Bu qurumlardan müdafiə etdiyim şəxslərin harada saxlanılması və barələrində hansı tədbirlərin görülməsi barədə rəsmi cavab ala bilmirəm. Nəzarət qaydasında Nərimanov Rayon Məhkəməsinə müraciət etmişəm. Lakin məhkəmə də hələ müraciətimə baxmır", - vəkil bildirib.

AXH son günlər iyirmiyədək fəalının saxlanılması ilə bağlı məlumat yayıb. Qurum fəallarının saxlanmasının Bakı meriyasına mayın 25-də mitinq keçirməklə bağlı Bakı meriyasına müraciəti ilə əlaqəli olduğunu iddia edir. Bakı meriyası mitinqə razılıq vermədikdən sonra hərəkatlın bütün fəalları azadlığa buraxılıb. Yalnız iki nəfər, İlyas Abdullayev və Yavər Mikayılov hələ də həbsdə saxlanılır.

Rəsmi qurumlar AXH fəallarının saxlanılması ilə bağlı hələ məlumat yaymayıblar. Rəsmi Bakı isə bir qayda olaraq insanların siyasi baxışlarına görə təqib olunmadığını bildirir.

Azərbaycan Xalq Hərəkatı 2019-cu il yanvarın 26-da təsis olunub. Keçmiş daxili işlər naziri İsgəndər Həmidovun təşəbbüsü ilə təsis edilən quruma Klassik Xalq Cəbhəsi Partiyası (lideri Mirmahmud Mirəlioğlu), Ümid Partiyası (lideri İqbal Ağazadə), Demokrat Partiyası (lideri Sərdar Cəlaloğlu), Vətəndaş və İnkişaf Partiyası (lideri Əli Əliyev), Ağ Partiya (lideri Tural Abbaslı), Böyük Azərbaycan Partiyası (lideri Elşad Musayev), Gələcək Azərbaycan Partiyası (lideri Ağasif Şakiroğlu) və başqa partiyalar, eləcə də ictimai fəallar, ziyalılar daxildir.