Xalid Bağırov ADO-ya rəhbər gətirildi

“Teatrın mövcud ola bilməsi üçün bütün təşkilati məsələlərlə mən məşğul olacam”.

Hüquqşunas Xalid Bağırov “Toplum TV”-yə açıqlamasında belə deyib.

X.Bağırov ADO teatrının direktoru təyin olunub.

Bu barədə iyulun 30-da teatrın "Feysbuk"-dakı rəsmi hesabında məlumat verilib.

"Uzun sürən pandemiya və çətinliklərdən dolayı bir ildən çoxdur ki, teatrın fəaliyyətində problem yaranıb. Bu ilin mart ayında teatr icarədə olduğu məkandan çıxarılıb. ADO-nun təsisçisi Elmin Bədəlov yalnız yaradıcılıqla məşğul olmaq istədiyini bildirib və direktor olmaqdan imtina etmişdi”.

X.Bağırov qeyd edib ki, hüquq sahəsindəki fəaliyyətini də davam etdirəcək: “Mənim hüquqşunaslıqla məşğul olmağım hər hansı təşkilatın menecmentliyini yüklənməyimə mane olmur”.

“Teatırın yaradıcıllıq fəaliyyətinə qarışmaq fikrim yoxdu. Mən Elmin Bədəlovun yaradıcıllığına, müəllifliyinə, bədii zövqünə güvənirəm”,- deyə hüquqşunas bildirib.

X.Bağırov detallar barədə danışmaq istəməyib, teatrla bağlı müəyyən planlarının olduğunu bildirib: “Planları müzakirə etmişik, yaxın zamanlarda teatrın fəaliyyətini bərpa edəcəyik”.

“Xalid Bağırov illər əvvəl ədəbiyyatda Xalid Şürük imzası ilə tanınıb.

"Kafkazuzel" İnformasiya Agentliyinin təsis etdiyi “Qafqazın qəhrəmanı” mükafatına layiq görülüb.

“Start” Beynəlxalq Tələbə Filmləri Festivalının ideya müəllifi olub" – xəbərdə belə deyilir.