Xalid Ağalıyev: "Hökumət 8600 avro təzminat ödəyəcək"

Avropa Məhkəməsi bu gün, fevralın 6-da Azərbaycandan göndərilmiş 4 şikayətin baxılacaq işlər sırasından çıxarılmasına qərar verib. 
 
Hökumət 8600 avro təzminat ödəyəcək.
 
Bu barədə məlumatı media hüquqi üzrə ekspert Xalid Ağalıyev yayıb.
 
Ekspert siyahıdan çıxarılan işlərin Rəşad Ramazanov, Ələkbər İsmayılov, Orxan Əliyev, Elman Dəmirovun şikayətləri oluduğunu bildirib.
 
Rəşad Ramazanov narkotik ittihamı ilə həbs edilmiş, ardınca 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. AİHM-ə şikayətində ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunun tanınması, bunun kompensasiya edilməsi istənilirdi. Kommunikasiya mərhələsində hökumət pozuntuları tanıdığını ifadə edib, ərizəçiyə 3000 avro təzminat təklif edib. 
 
Ərizəçi hökumətin təklif etdiyi bəyannaməni rədd etsə də AİHM işin siyahıdan çıxarılmasına qərar verib. Hökumət R.Ramazanova 3000 avro ödəyəcək.
 
Ələkbər İsmayılovun şikayəti isə həbsdə olarkən onun məktublarına, kitablarına əl qoyulması ilə bağlı olub. Ərizəçi iddia edir ki, onun şikayətlərinə baxan ölkədaxili məhkəmələr onun ədalətli məhkəmə araşdırması və şəxsi həyatın toxunulmazlığı hüququna müdaxilə ediblər. Məhkəməmə bu işin də siyahıdan çıxarılmasına qərar verib. Ərizəçi tərəf kommunikasiyaya cavab verməyib.
 
Orxan Əliyevin şikayəti isə onun barəsində cinayət araşdırmasının qanunsuzluğu ilə bağlı olub. Ərizəçi ədalətli məhkəmə araşdırması, işgəncəyə məruz qalmamaq hüququnun pozuntusunu mübahisələndirmişdi. 
 
Kommunikasiya mərhələsində hökumət pozuntuları tanımağı, yenidən araşdırmanı üzərinə götürüb, 5600 avro təzminat təklif edib. Ərizəçi kommunikasiyaya cavab vermədiyindən AİHM işin siyahıdan çıxarılmasına qərar verib. Bu iş üzrə ərizəçiyə 5600 avro təzminat ödəməlidir.
 
Elman Dəmirovun şikayəti mülkiyyət hüququ ilə əlaqəli idi. Əriəçi sənədli-sübutlu qarajının qanunsuz söküldüyünü iddia edib, mülkiyyət və ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunun tanınmasını, ədalətli əvəz tələb edirdi. 
 
Ərizəçi vəfat edib, məhkəməyə onun varislərinin olmadığı bildirildiyi üçün AİHM ərizənin siyahıdan çıxarılmasına qərar verib.
 
Yanvarın 30-da isə Avropa Məhkəməsi Azərbaycanla bağlı 8 şikayət üzrə qərarını elan edib: "Həmin qərarlar üzrə iddia olunan pozuntuların əksəriyyəti tanınıb, hökumət bu işlərdəki ərizəçilərə cəmi 121 min 849 avro təzminat ödəməlidir".