“Vüqar Səfərli işi” iş adamı Mehrac Babayevi də “udur” – cinayət dosyesi

“Jurnalistlərin binası”nı tikən şirkətin 49 faizi ona məxsusdur; adı əvvəllər də qalmaqallarda halanan tikinti maqnatı da istintaqa cəlb edilə bilər

“Vüqar Səfərli işi”davam etdikcə daha çox şəxsin istintaqa cəlb olunacağı qaçılmazdır. Aydındır ki, KİVDF-ın sabiq rəhbəri Vüqar Səfərli ittiham üzrə “yediyi” məbləği təkbaşına həzm edə bilməzdi. Bunu hər kəs kimi ilk növbədə istintaqçılar da bilir və hazırda cinayət işi davam edir. Belə məlumatlar var ki, Vüqar Səfərli KİVDF ilə əlaqəli başlanmış cinayət işi çərçivəsində istintaqla fəal əməkdaşlıq edib, mənimsədiyi pulların bir hissəsini dövlət büdcəsinə qaytarıb. Bundan sonra ətrafındakılara “Mənlik nə var ki? Mən qaytardım. Getsin öz problemini həll etsin...” deyirmiş. “Getsin öz problemini həll etsin” fikrini kimə aid etdiyi də gizli deyil, “quyruğu qapı arasında qalan” sabiq sədrin kimləri nəzərdə tutduğu hər kəsə bəllidir.

“Jurnalistlərin binası” epizodunda isə sabiq sədr deyəsən, yaman pis ilişib. Bu epizod üzrə Rusiyada yaşayan azərbaycanlı tikinti maqnatı, “Verso” şirkətlər qrupunun sahibi Mehrac Babayevin də adı hallanır.

Hazırda Rusiyada yaşayan Mehrac Babayev uzun illər Azərbaycan mətbuatında “immunitet”i olan şəxslərdən biri statusunda olub. Onun barəsində uzun müddət yerli mediada neqativ material getməyib. Bu prezidentin sabiq köməkçisi Əli Həsənovun sayəsində okub. M.Babayevlə Ə.Həsənov yaxın dost olublar. Təsadüfi yazıları isə tez biz zamanda ört-basdır edilir, üstü malalanırdı”. Məsələn, 2009-cu ildə İsveçrədə Mehrac Babayevin oğlu Ziya Babayev “AST Telman”ın oğlanları ilə yeyib-içdikdən sonra bahalı maşınlarla “avtoşluq” edərkən qəza törətmişdi. Həmin qəza zamanı yaşlı bir alman ağır yaralanmışdı. Bu xəbər tez bir zamanda Azərbaycan mətbuatına da çatdı. Lakin qəza ilə bağlı xəbərlərə sonradan elə təqdimat verildi ki, oxuyan elə başa düşərdi ki, “avtoşluq” edən qoca alman olub, arada əməli-saleh milyonçu oğlu məhkəmələrə düşüb.

 

Əslində isə Ziya Babayev məhkəməsində sükan arxasında sərxoş olduğunu etiraf etmişdi. Prokuror azərbaycanlı oliqarxın oğluna 5 il həbs cəzası tələb etmişdi. Ziya Babayev məhkəmə zalında demişdi ki, törətdiyi əmələ görə peşmandır və avtomobili sərxoş vəziyyətdə idarə etdiyini, sürət həddini aşdığını boynuna alır. Müəyyən olunub ki, Ziya Babayevin idarə etdiyi “Lamborghini” qəza zamanı saatda 150 kilometr sürətlə hərəkət edib. Həmin yolda maksimal sürət həddi saatda 80 kilometrdir. Babayev qarşıda hərəkət edən, 70 yaşlı Almaniya vətəndaşının idarə etdiyi “Volksvagen Golf” avtomobilini ötmək istəyərkən qəza törədib və alman sürücü ağır xəsarət alıb. Avropa və Rusiya mətbuatının gündəmindən uzun müddət düşməyən həmin səs-küylü qəza ilkin olaraq Cenevrə gölünün sahili boyu uzanan şosse yolda dəyəri yüz minlərlə ölçülən avtomobillərdə sürət yarışına çıxaraq qəza törədən “yeni ruslar” haqda əhvalat kimi təqdim edilirdi və avropalıları şoka salmışdı. Əvvəlcə həmin qəzanın iştirakçılarının “varlı ruslar” olduğu deyilirdi.

Oliqarxın «avtoş» oğlu: - İsveçrədə həbs edilən Babayev kimdir? -  Avtosfer.az

Ziya Babayev 

Lakin çox keçmədən məlum oldu ki, hadisənin iştirakçıları Rusiya əsilli olsalar da, azərbaycanlılardır - tikinti maqnatı Mehrac Babayevin və oliqarx Telman İsmayılovun ərköyün uşaqlarıdır. Beləliklə, həmin gün Telman İsmayılovun oğulları Sərxan və Ələkbər Mehrac Babayevin (keçmiş cəbhəçi, könüllülərdən ibarət “Şıxov” batalyonunun komandiri olub və 1993-cü ildə Azərbaycanı tərk edərək Rusiyada biznesə başlayıb) 22 yaşlı oğlu Ziya Babayevlə Cenevrə gölünün sahilindəki “Reserve” restoran-barında yaxşıca yeyib-içiblər və əyləniblər. Daha sonra T.İsmayılovun oğlu Cenevrədə gəzib dolaşmaq üçün kirayə götürdükləri 1,4 milyon avroluq “Buqatti Veyron”da və dəyəri 650 min avro olan “Mercedes Mclaren”də, Ziya Babayev isə atasının ona aldığı “Lamborghini Murcielago”da yola çıxıblar. Onların daha bir rusiyalı dostu isə nisbətən ucuz “Porshe Cayanne Turbo” avtomobilində kampaniyaya qoşulub. Dostların məqsədi sürət avtomobilləri ilə “rodeo” təşkil etmək, yəni sürət yarışına çıxmaq idi.

Yarış zamanı “Lamborghini” öndə gedən “Volksvagen Golf” avtomobilini vurub. Bu qəzanın nə ilə nəticələndiyini yixarıda qeyd elədik...

İsveçrə mətbuatı hadisə zamanı “Lamborghini”nin saatda 220 kilometr sürətlə hərəkət etdiyini yazırdı. Məlum olmuşdu ki, bundan əvvəl həmin “Lamborghini” və “Bugatti” Monako knyazlığında sürət yarışına çıxıblar. Mətbuat yazırdı ki, İsmayılov qardaşları ilə Z.Babayev müntəzəm olaraq birlikdə əyləniblər. T.İsmayılovun oğullarının Cenevrəyə dincəlmək üçün hadisədən bir neçə gün əvvəl gəldiyi məlum olub. Hadisəyə qədər Z.Babayev Moskva Dövlət Universitetinin Cenevrədəki Beynəlxalq Mərkəzinin hüquq fakültəsində təhsil alıb. Hadisə ilə bağlı o, müvəqqəti təhsildən kənarlaşdırılıb. O dövrdə atası qəzaya görə onun mümkün qədər yüngül cəza alması üçün güclü vəkillər tutmuşdu və Ziya Babayev 2 il şərti cəza və 10 min frank cərimə ilə canını həbsdən qurtara bilmişdi. Bu olay haqda xəbərlər həmin dövrdə Azərbaycan mətbuatında o qədər də geniş yayılmamışdı. Səbəbi də vurğuladığımız kimi Mehrac Babayevin adının Əli Həsənovun dostları siyahısında olması idi.

Bakıda villaları, İsveçdə mülkü olan Mehrac Babayev kimdir?

Mehrac Babayev

Hazırda Mehrac Babayevin adı növbəti dəfə gündəmdədir. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ötən il avqsutun 28-də KİVDF-də baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlayıb. Bir neçə gün sonra Vüqar Səfərli Fondun rəhbəri vəzifəsindən çıxarılıb. Bu müddətdə cinayət işi üzrə istintaq hərəkətləri aparılıb, o cümlədən ev verilən jurnalistlərin əksəriyyəti İdarədə dindirilib. Binaları “Protoks” MMC inşa edib, onun rəhbəri Nadir Məhərrəm oğlu Məmmədov da Vüqar Səfərli ilə birgə həbs edilib, hər ikisinə qarşı eyni maddələrlə ittiham irəli sürülüb.

 

Məlumatlı mənbə AzPolitika.info-ya bildirib ki, əslində “Protoks” MMC dolayısı ilə Əli Həsənova məxsusdur, çünki şirkətin səhmlərinin 51 faizi onun qohumlarından birinin adınadır. Azpolitika.info saytı daha sonra yazır ki, şirkətin 49 faizinin formal sahibi Mehrac Babayevdir. Sayt yazır ki, onlara verilən məlumata görə, Mehrac Babayevin bu işlərdəki iştirakı formal xarakter daşıyıb. Buna rəğmən Mehrac Babayevin jurnalistlərə bina tikən şirkətə formal olaraq rəhbərlik etməsi onu çətin ki, məsuliyyətdən kənar qoysun. Ona da sualların olacağı istisna deyil. Bu formallığın qarşılığında nə alıb, nə verib üzə çıxarılası məsələlərdir. Mehrac Babayev kənarda dayanmaqla faktiki olaraq onun adından jurnalistlərin binasının keyfiyyətsiz materiallarla, həm də olduqca şişirdilmiş qiymətlərlə tikintisinə yol açıb. Bunu pul qarşılığında və ya güzəştlər müqabilində etməsi aydınlaşdıırlmalı məsələdir.

Jurnalistlərin binası pulsuz telefon və internet xətti ilə təmin olunacaq

Vüqar Səfərli ilə birlikdə həbs edilən Nadir Məmmədova gəldikdə, Azpolitika.info yazır ki, internet resurlarında onun haqqında foto və məlumat yoxdur, MMC rəhbəri olsa da, heç zaman Vüqar Səfərli, Əli Həsənovla bir araya gəldiyini göstərən görüntülər ortaya çıxmayıb. Güman etmək olar ki, N. Məmmədov “Protoks” MMC-nin formal rəhbəridir.

“Yeni Müsavat”