Vladimir Putin ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş zabiti Edvard Snoudenə Rusiya vətəndaşlığı verib

Operativ.tv Amerikanın Səsi-nə istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) keçmiş zabiti Edvard Snoudenə Rusiya vətəndaşlığı verib. Fərman normativ aktlar portalında dərc olunub.

2020-ci ilin noyabrında Snouden tvitter hesabında Rusiya Federasiyasının vətəndaşlığı üçün müraciət etdiyini yazmışdı. "Uzun illər valideynlərimizdən ayrıldıqdan sonra həyat yoldaşım və mən oğlumuzdan ayrılmaq istəmirik. Bu səbəbdən pandemiya və qapalı sərhədlər dövründə biz ikili Rusiya-Amerika vətəndaşlığı üçün müraciət edirik" - deyə, o bildirmişdi.

Lakin onun həyat yoldaşı Lindsi Millsin adı siyahıda yoxdur.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) və Milli Təhlükəsizlik Agentliyinin (NSA) keçmiş əməkdaşı 2013-cü ilin iyun ayının əvvəlində "The Guardian" və "The Washington Post" qəzetlərinə Mərkəzi Kəşfiyyat İdarəsinin məxfi məlumatlarını ötürməklə tanınır. Bunlar mövcud informasiya və kommunikasiya şəbəkələrindən istifadə etməklə, dünyanın bir çox ölkəsinin vətəndaşları arasında rabitənin Amerika kəşfiyyat xidmətlərinin ümumi nəzarətinə aid məlumatlar idi.

Əsasən də Milli Təhlükəsizlik Agentliyinin Almaniya kansleri Angela Merkel də daxil olmaqla, müxtəlif dövlətlərin 35 yüksək vəzifəli rəsmisinin telefon danışıqlarını dinlədiyi məlum olub. Pentaqonun məxfi hesabatına görə, Snouden 1,7 milyon gizli fayl oğurlayıb.

2013-cü ildə Snouden qiyabi olaraq casusluqda və dövlət əmlakını oğurlamaqda ittiham olunub. Tezliklə o, ABŞ-dan qaçaraq əvvəlcə Honq-Konqa, sonra Rusiyaya gedib. Şeremetyevo hava limanının tranzit zonasında bir aydan çox qaldıqdan sonra 2013-cü il avqustun 1-də Snouden Rusiya Federasiyasında müvəqqəti sığınacaq, bir il sonra isə müvəqqəti yaşamaq icazəsi alıb. Oktyabrın sonunda Snoudenin Rusiyada qeyri-müəyyən yaşayış icazəsi aldığı məlum olub.