Vəkil barəsində intizam icraatı başlanılıb

Vəkil barəsində intizam icraatı başlanılıb

Anar Bağırov: 'Bəlkə Elçin Sadıqovun müəyyən planları var, gedib xaricdə sığınacaq almaq istəyir, özü üçün tarixçə yaradır, amma biz öz işimizi vicdanla görməliyik'

Vəkillərin İntizam Komissiyasının keçmiş üzvü Sərdar Qasımovun həyat yoldaşı Elçin Sadıqovdan şikayət edib

Vəkillər Kollegiyası iyulun 10-da vəkil Elçin Sadıqov barəsində intizam icraatının başlanılması haqda qərar qəbul edib.

Məlumatı Elçin Sadıqov “Facebook” səhifəsində paylaşıb.

Vəkil bildirib ki, o, iyulun 10-da Vəkillər Kollegiyasına çağrılıb:

“Barəmdə intizam icraatı olmadığı halda nə üçün çağırıldığımı soruşdum, səbəbini bildirmədilər. Deyilən vaxtda kollegiyada oldum. Bir müddət gözlədildikdən sonra VK Rəyasət Heyətinin iclasına dəvət olundum. Mənə qarşı aqressiya nümayiş etdirildi. Məlum oldu ki, barəmdə “şikayət” yazılıb. Şikayəti 28.06.2019-cu il tarixdə vəfat etmiş, Vəkillərin İntizam Komissiyasının keçmiş üzvü Sərdar Qasımovun həyat yoldaşı Kamalə Qasımova yazıb. K.Qasımova bildirib ki, Sərdar Qasımov fəaliyyət göstərdiyi illərdə nüfuz qazanıb, onun bugünlərdə vaxtsız vəfatından ailələri və digər qohumları, onu tanıyanlar hədsiz kədərlənib. Lakin göz yaşları qurumamış vəkil Elçin Sadıqov onun barəsində sosial şəbəkələrdə və saytlarda əsassız və uydurma məlumatlar yaymaqla ailəsini və doğmalarının mənəvi sarsıntısını və kədərini daha da artırıb. Statusunda Elçin Sadıqov guya Sərdar Qasımov tərəfindən sifarişlə mənfi rəy yazıldığını, onun (S.Qasımovu nəzərdə tutur) vəkil kimi xalq tərəfindən tanınmadığını və digər əsassız məlumatlar yazıb. Halbuki, Sərdar Qasımovun işində və əməlində həmişə düz olub, haqqı nahaqqa verməyib və obyektiv olub. Buna görə də vəkil Sadıqovun məsuliyyətə cəlb olunaraq qanun çərçivəsində barəsində tədbir görülməlidir”. Mənim “Facebook” hesabımın vəkillik fəaliyyəti ilə bağlı açılmış hesab olmadığını, şəxsi hesab olduğunu, həmin paylaşımda S.Qasımova qarşı heç bir nüfuzdansalıcı ifadə işlətmədiyimi, vətəndaş və vəkil olaraq ifadə azadlığı hüququmun olduğunu, AR Mülki Məcəlləsinin 23-cü maddəsinə əsasən şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi ilə bağlı yalnız məhkəmələrin səlahiyyətli olduğunu bildirsəm də, barəmdə havadan bir intizam icraatı başlanıldı”.

Kollegiyanın sədri Anar Bağırov Meydan TV-nin “Rəyasət Heyəti Elçin Sadıqov haqda məsələni niyə Sərdar Qasımovun ölümündən 12 gün sonra gündəmə gətirdi” sualına cavab verib ki, Rəyasət Heyətinin iclası iyulun 10-da idi, iclas hər gün yox, vaxtaşırı olur:

“Bu məsələyə sədr qərar vermir, gündəlik bir həftə əvvəl müəyyən olunur. Bugünkü iclas isə növbədənkənar deyildi, adi iclas idi. Bizə də mərhum Sərdar Qasımovun həyat yoldaşı müraciət edib və əsas olduğunu hesab etmişik. Hələ qərara İntizam Komissiyası baxmayıb, iş hələ bu komissiyaya gedəcək, vəkilin iştirakı ilə araşdırılacaq. Qərar intizam icraatının başlanması haqdadır”.

Anar Bağırov Elçin Sadıqovun aqressiv qarşılanması barədə dedikləri ilə razılaşmayıb:

 

“O, çox şey yaza bilər və yazdıqları da aksioma deyil. Elçin Sadıqov bütün kollegiyanı təhqir edib, İntizam Komissiyasının rəhmətə gedən üzvü barədə təhqiramiz fikirlər bildirir, sonra da bunu fikir azadlığı sayır. Biz də deyirik ki, bəs sənin özün barəndə bir neçə il əvvəl nəsə yazanda, sən ifadə azadlığının məhdudiyyətsiz olmadığını, sərhədləri olduğunu söyləyirdin. Bu sözləri özün də qəbul elə. Guya komissiyanın üzvü sağ olanda ona deyib ki, bağışla, sənin barəndə belə rəy yazmışam. Rəyi komissiya verir, həm də rəhmətə gedən adam barəsində belə böhtanlar səsləndirmək doğru deyil, axı onun da ailə üzvləri var. Nəhayət, həyat yoldaşı müraciət edib, biz şikayətə baxmamalıyıq?! Biz müraciətin araşdırılmasını istəyirik. Bəlkə Elçin Sadıqovun müəyyən planları var, gedib xaricdə sığınacaq almaq istəyir, özü üçün tarixçə yaradır, amma biz öz işimizi vicdanla görməliyik. Vəkilin pozuntu törətməsi barəsində ehtimal varsa, biz araşdırma aparmalıyıq. Elçin Sadıqov kollegiyanın orqanlarını qanunsuz işlərdə ittiham edir, böhtan atır”.

Anar Bağırov Rəyasət Heyətinin bugünkü qərarını Elçin Sadıqovun iyulun 9-da Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk və Avropa Şurasının insan haqları üzrə komissarı Dunya Miyatoviçlə görüşü ilə əlaqələndirilməsini yolverilməz hesab edir:

“İclasın gündəliyi 1 həftə əvvəldən hazır idi. Bugünkü iclasın o görüşlərə heç bir aidiyyatı yoxdur”.

2017-ci ilin noyabrın 20-də Vəkillər Kollegiyasının Rəyasət Heyəti Yalçın İmanovun səlahiyyətlərini dayandırıb və onun bu orqandan çıxarılması üçün məhkəməyə müraciət etmədən qərar verib.

Vəkillər Kollegiyası Rəyasət Heyəti ötən ilin iyunun 11-də daha çox mülkiyyət hüquqlarının müdafiçisi kimi tanınan İradə Cavadovanın kollegiya üzvlüyünə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edib. Hazırda məhkəmə çəkişməsi davam edir.

Vəkillər Kollegiyası Əsabəli Mustafayevin, Fəxrəddin Mehdiyevin, Nemət Kərimlinin fəaliyyətlərinin 1 illik dayandırması haqda qərar çıxarmışdı. Artıq onların fəaliyyəti bərpa olunub.

Bugünlərdə Penitensiar Xidmət vəkil Fariz Namazovun fəaliyyəti ilə bağlı Vəkillər Kollegiyasına şikayət edib.

Facebook