Vəkil Aqil Layıc cəzalandırıla bilər

Jurnalist Vüsal Məmmədov vəkillə bağlı şikayət edib

İctimai-siyasi fəalların hüquqlarını müdafiə edən daha bir vəkil cəzalandırıla bilər. “Azvision.az” saytının rəhbəri Vüsal Məmmədov vəkil Aqil Layıcın cəzalandırılması üçün Vəkillər Kollegiyasına müraciət edib. Bu barədə Meydan TV-yə V.Məmmədova yaxın mənbə məlumat verib. O iddia edir ki, A.Layıc “Facebook” hesabında onu təhqir edib.

Vəkillər Kollegiyasındakı mənbə də Meydan TV-yə məlumatı təsdiqləyib.

“Vüsal Məmmədovun şikayəti əsasında Aqil Layıc haqqında intizam icraatı başlayıb”, - deyə mənbə bildirib.

A.Layıc özü isə Meydan TV-nin telefon zənglərinə cavab verməyib.

“Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun “Vəkil etikası” adlanan 18-ci maddəsində vəkilin məhz peşə fəaliyyətini həyata keçirərkən davranışlarından bəhs olunur. V.Məmmədovun şikayətinə əsas olan fikirlər isə A.Layıcın şəxsi “Facebook” hesabında yayılıb.

Noyabrın 10-da “Facebook”da vəkil A.Layıcla Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov arasında mübahisə olmuşdu. A.Layıc şəxsi hesabında Rusiyanın silahlı qüvvələrinin Azərbaycan ərazisinə yerləşdirilməsinə etiraz xarakterli fikirlərini paylaşmış, A.Bağırov bu fikirləri dövlətçiliyə zidd hesab etmişdi. A.Bağırov vurğulamışdı ki, prezidentin qərarları müzakirə olunmamalıdır. Buna görə Vəkillər Kollegiyasının sədri ilə bir sıra sosial şəbəkə fəalları arasında da mübahisə yaranmışdı.

A.Layıc siyasi fəal Tofiq Yaqublu, AXCP üzvləri Ramid Nağıyev, Aqil Məhərrəmov və digərlərinin hüquqlarını müdafiə edir.