Vilyam Hacıyevin məhkəməsinə ekspert çağırılmasına dair vəsatət təmin olunub

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə növbəti məhkəmə araşdırması davam edir.

Operativ.tvAPA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda ötən prosesdə məhkəməyə ekspert çağırılması ilə bağlı vəsatətə baxılıb.

Məhkəmə Vilyam Hacıyevin vəkili Elmar Kərimov tərəfindən qaldırılmış vəsatəti əsaslı hesab edərək növbəti prosesə ekspert çağırılması ilə bağlı qərar qəbul edib.

Qeyd edək ki, cinayət işi ilə bağlı müdafiə tərəfi sənədlərdə göstərilən ekspert rəylərinə etiraz edib. Vəkil müvəkkilinin icra başçısı olduğu dövrdə görülən işlər zamanı mənimsəmə kimi göstərilən məbləğin ehtimallar üzərində müəyyən olunduğunu deyib.

Növbəti proses iyulun 1-ə təyin olunub.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb. Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq, külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.