Vilayət nə deməkdir? - Müsahibə

Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü Toğrul Nurinin müsahibəsini təqdim edirik:

 

Bağışlayan və mehriban Allahın adı ilə.

  -Hədislərdə vilayət sahibi İmam Əli (ə) qeyd olunub. Ümumən vilayət nə deməkdir?

  -Lüğət kitablarında o cümlədən lisanulərəb kitabında vilayət üçün iki əsas məna göstərilir.

1. Başçı və rəhbər.

2. Dost.

 Dini mövzularda isə bu termin əsasən rəhbər və başçı mənasında işlənilir.

 İslamın və əsrimizin böyük alimlərindən biri olan əllamə Təbabəti özünün Əlmizan təfsirində qeyd edir: Vilayətlə bağlı olan ayələrə diqqət etdikdə, ayələrin siyaqı vilayətin rəhbər və başçı mənasında olmasına işarə edir. Həmçinin saysız-hesabsız hədislər də buna dəlalət etməkdədir.

Həzrət Muhəmmədin (s) Qədirxum günü buyurduğu -mən kimin mövlasıyamsa Əli (ə) də onun mövlasıdır- mübarək kəlamında mövla kəlməsi, vilayət sözündən götürülmüş və rəhbər mənasındadır. Bu sözümə bir şahid nümunə gətirməklə kifayətlənirəm.  Əhli-sünnə alimlərinin də bir çoxunun öz kitablarında qeyd etdiyi kimi, Qədirxum günü əziz Peyğəmbərimiz (s) Əlini (ə) özündən sonra ümmətə mövla təyin etdikdə  hamı bir-bir Əliyə (ə) beyət etdi və Ömər ibni Xəttab, Əliyə (ə) yaxınlaşaraq onu təbrik edib dedi. Bəh bəh ya Əli, bu gündən etibarən möminlərin əmiri oldun. Bunun kimi çox sayda qərinə və şahidlər mövcuddur ki Əlinin (ə) vilayətinin  Onun rəhbərliyi mənasında olmasına dəlalət edir.

  -Əlinin (ə) yalnız ona aid olub başqalarına (hətta digər məsum imamlara) deyilməsi qadağan olunan əmirəl-möminin -möminlərin-əmiri- ifadəsi niyə məhz ona məxsusdur?

  -Əmir, ərəb dilindən tərcümədə fərman verən, sultan və rəhbər mənasındadır. Bu termin əziz İslam peyğəmbərinin (s) və ondan sonra xəlifələrin zamanın da çox işlənirdi. Belə ki döyüşlər zamanı Peyğəmbər (s) və ya xəlifələr tərəfindən başçı təyin olunur və o başçıya "əmir" deyə xitab olunurdu. Amma "Əmirəl-möminin" bütün islam qoşunlarının başçısı və möminlərin xəlifəsi deməkdir.

  Bizim inancımıza əsasən bu ləqəbi Allah-təala yalnız Əliyə (ə) vermişdir və heç kim, Ondan qabaq və Ondan sonra bu ləqəbin misdaqı deyil.

  İmam Sadiqdən (ə) soruşdular: Həzrəti Qaimə (ə) "Əmirəl-möminin" ləqəbi ilə xitab olunacaq?

 Buyurdu: Xeyr. Bu ləqəb Əliyə (ə) məxsusdur və heç kəs, nə Ondan qabaq, nə Ondan sonra bu ləqəb ilə adlandırılmağa layiq deyil.

  Əhli-sünnə alimlərindən olan Əbu Nəim İsfəhani özünün "hiylətul-ovsiya" kitabında Ənəs ibni Malikdən nəql edir ki Allah Rəsulu (s), Əli (ə) barədə buyurmuşdur: O, möminlərin əmiri, salehlərin öndəri və vəsilərin sonuncusudur.

  Hicri qəməri təqvimi ilə beşinci əsrin böyük alimlərindən olan Şeyx Müfid (r) yazır: Qədirxum günü həzrət Peyğəmbər (s) Əlini (ə) özünə canişin və bütün müsəlmanların rəhbəri təyin etdikdən sonra göstəriş verib buyurdu: Hamı, Əliyə (ə) "Əmirəl-möminin" xitab edərək salam versin.

  Əssəlamu ələykə ya əmirəl-muminin Əliyyəbnə Əbi Talib.

  Hamınızı Qədirxum bayramı münasibətilə təbrik edirəm. Uca Allahdan istəyirəm bizləri dünya və axirət Əlidən (ə) ayrı salmasın.