İnformasiya Texnologiyaları üzrə mütəxəssis Vahid Qasımovsa qurumun açıqlamanı belə şərh edib: "Əvvəl məlumatlarımızdan "Vatsap” özü istifadə edirdi, yeni məxfilik razılaşmasını qəbul edəndən sonra bunu "Feysbuk” da edə biləcək. Məlumat bazası daha çox marketinq siyasətini müəyyənləşdirmək üçün lazımdır.
İstinasız olaraq bütün platformalar istifadəçilərin şəxsi məlumatlarından istifadə edir. Onları ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsindən qorumağa ehtiyac yoxdur.
Siravi Azərbaycan vətəndaşına aid hansı məlumat Mark Zükerberqi maraqlandıra bilər ki? Misal üçün, səsli mesajlar şifrələnərək göndərilir – başqaları açıb istifadə edə bilməsinlər deyə. Amma o şifrələrin hamısı dövlət təhlükəsizlik orqanlarında mütləq var, şirkətlərin özlərindən alıblar. Ona görə də İnterpoldan, ya da MKİ-dən nəsə gizlətmək alınmayacaq. GDPR-ə - Ümumi Məlumatların Qorunması Qaydaları kimi qlobal qanuna qoşulmaq üçün gərək ona adiyyatın olsun, bizim adiyyatımız yoxdur axı. Biz istifadəçiyik, başqasının servisindən pulsuz istifadə edirik və hələ bir haqq-hüquq da istəyirik. Siz "Vatsap”dan istifadə üçün pul verməmisiz ki, ondan nəsə tələb edəsiz. Ümumiyyətlə, iki cür məlumat var - gizli və gizli olmayan. Sizin sosial şəbəkələrdə yazdığınız yazılar, rəsmi sənədlərdəki doğum tarixiniz, ünvanınız, fotoşəkliniz, adınız-soyadınız və sairə gizli məlumat hesab oluna bilməz, çünki bütün databazalarda yer alan məlumatlardır. Biz bir az bunu başa düşə bilmirik. Sən kameranı açıb evində nə etdiyini paylaşırsansa , bu artıq gizli məlumat deyil. Bizim "Gmail”dən göndərdiyimiz məktublar "Quql”un serverində saxlanılır. Biz buna görə onu məhkəməyə verə bilmərik ki, sən niyə bizim məlumatları öz serverində saxlayırsan. O vaxt problem ola bilər ki, qurum sizin məktublarınızı kiməsə sata və ya hardasa çap edə”.
Hüquqşünas Səməd Rəhimli " Toplum TV "-yə açıqlamasında bildirib ki, "Vatsap"ın yeni şərtləri mülki hüququ pozmur:
"Avropa Birliyi ölkələrində GDPR adlanan qaydalar toplusu var və həmin qaydalar toplusu fərdi məlumatlarla bağlı şirkətlərin üzərinə öhdəliklər qoyur ki, hansı məlumatlar tələb oluna bilər, hansılar yox. 27 Avropa Birliyi ölkəsi GDPR-i qəbul etdiyi üçün şirkətlər həmin ölkələrlə bağlı fərqli siyasət yürüdürlər.
Azərbaycanda bu qaydalara uyğun olan fərdi məlumatlar haqqında qanun var. Amma orda şəxsin müqavilə əsasında öz məlumatlarını başqa bir şirkətlə necə tənzimləməsi məsələsinə toxunulmayıb. Ona görə də "Vatsap”ın yeni şərti Azərbaycan qanunvericiliyi baxımından hər hansı problem doğurmur. Məncə, ən düzgün yol məsələnin mülki hüquqdakı müqavilə azadlığına uyğun həll edilməsidir. Şirkətin bu məlumatlardan hansı şəkildə istifadə edəcəyi bəlli deyil. Müəyyən hallarda informasiyaları ABŞ-ın kəşfiyyat orqanlarına ötürüblər. Digər dövlətlərin hüquq-mühafizə orqanlarına da ötürülməsi məsələsi mübahisəlidir, dəqiq sübutları yoxdur.
Sosial şəbəkələrdəki məlumatlardan istintaq materialı kimi istifadə oluna bilməsi məsələsinə gəlincə, Azərbaycanın hüquq sistemində bu məsələyə dair vahid mövqe yoxdur. Adətən, sənədlər ekspertizaya göndərilir və məlumatların həmin şəxsə aid telefondan aşkar edildiyi təsdiqlənirsə, sübut kimi qəbul edə bilirlər. Cinayət işlərində məhkəmə qərarı əsasında şəxslərin telefonların alıb "Vatsap" məlumatlarına da baxa bilirlər. Hətta məlumatları müəyyən texniki programlar vasitəsilə bərpa da edirlər. Mülki işlərdə məlumatların audentikliyini - həqiqi olub- olmadığını öyrənmək üçün məhkəmələr özlərini yormurlar, yəni "Vatsap" məlumatlarını dəlil kimi qəbul etmirlər. Amma cinayət işlərində ekspertizaya göndərilir”.
Rabitə və Yüksək texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova isə "Toplum TV”-nin sözügedən məsələylə bağlı sualına bellə cavab verib: "Bu, qlobal məsələ deyil. Şirkət həmişəki kimi bildiriş göndərib. Ona görə də nazirlik rəsmi açıqlama verməyəcək”.
“Vatsap”ın təhlükəsizlik şərtləri dəyişir, ya dəyişmir?