Ukraynada mağaza və kitabxanalarda rusca danışmaq qadağan olunur

Ukraynada 2021-ci il yanvarın 16-dan etibarən xidmət sektoru ancaq Ukrayna dilində fəaliyyət göstərəcək, müştəriyə başqa dildə xidmət göstərmək yalnız onun xahişi əsasında mümkün olacaq ("interfaks.com.ua”, 02.12.2020).
 
Bu barədə dövlət dilinin müdafiəsi üzrə müvəkkil Taras Kremen danışıb. Yeni qanuna görə, bütün mal tədarükçüləri və xidmət sektoru istehlakçılara Ukrayna dilində xidmət göstərməli və məlumat verməlidirlər. Müştərilərlə rusca danışmaq qadağan edilir. 
 
"Supermarketdə, internet-mağazada, kafedə, bankda, aptekdə və ya kitabxanada - harada olursa-olsun, xidmət Ukrayna dilində olmalıdır. Yalnız müştərinin xahişi əsasında ona personal xidmət başqa dildə aparıla bilər” - Kremen belə deyib. 
 
Ukrayna prezidenti Vladimir Zelenskinin mart ayında imzaladığı "Tam ümumi orta təhsil haqqında” qanunla 2020-ci il sentyabrın 1-dən etibarən ölkədəki rusdilli məktəblər ləğv edilib. Rusdilli ailələrdən olan şagirdlər beşinci sinifdən etibarən dərslərin ən azı 80 faizini Ukrayna dilində keçməlidirlər. Rus dilində təhsil proqramları ləğv edilib. Keçmiş prezident Pyotr Poroşenkonun zamanında hazırlanmış "Ukrayna dilinin dövlət dili kimi fəaliyyətinin təmin edilməsi haqqında” qanunsa 2019-cu il iyulun 16-da qüvvəyə minib. Həmin qanuna görə, Ukrayna dili dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, təhsil müəssisələri, xəstəxana və xidmət sahələri üçün məcburidir.