Türkiyə, Rusiya və İran XİN rəhbərləri Nyu-Yorkda üçtərəfli görüş keçiriblər

 Rusiya, İran və Türkiyə xarici işlər nazirləri BMT Baş Assambleyasının 77-ci iclası çərçivəsində Nyu-Yorkda görüşüblər.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, Rusiya, İran və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov, Hüseyn Əmir Abdullahiyan və Mövlud Çavuşoğlu Suriya münaqişəsinin nizamlanmasına dair “Astana” danışıqları formatında görüşüblər.

Tərəflər şəkil çəkdirdikdən sonra bağlı qapılar arxasında görüş keçiriblər.

Üç ölkənin XİN rəhbərlərinin görüşünə BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen də qatılıb.

Görüş, İdlibdə “Cəbhət ən-Nusra” yaraqlıları tərəfindən deeskalasiya zonasının hədəfə alınması və Ankaradan, xarici işlər nazirləri müstəvisində Suriya-Türkiyə danışıqlarının təşkilinin mümkünlüyü ilə bağlı təklifləri fonunda keçirilir.

Bundan öncə prezidentlər Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında görüşlər barədə də fikirlər söylənilirdi.