Türkiyə məhkəməsi Mübariz Mənsimova şərti cəza verib

“Palmali Group” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov Türkiyə məhkəməsi tərəfindən 5 il şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, hökm oxunduqdan sonra o, İstanbulda məhkəmə zalında sərbəst buraxılıb.

Türkiyə KİV-lərinin məlumatına görə, məhkəmə onu “FETÖ-yə qəsdən və könüllü yardımda” təqsirli bilib, Türkiyə Respublikası Prokurorluğunun vəsatətini təmin edərək, onu Türkiyə hüdudlarından kənara çıxması qadağan edilməklə, şərti cəzaya məhkum edib.

Türkiyə hakimiyyətinin versiyasına görə, FETÖ ABŞ-da yaşayan ilahiyyatçı Fetullah Gülenin rəhbərlik etdiyi terror şəbəkəsidir. Ankara onu 2016-cı ilin iyulunda hərbi çevriliş cəhdi təşkil etməkdə ittiham edir və Vaşinqtondan onun təhvil verilməsini tələb edir.

Mənsimov son sözündə ittihamları təkzib edib. “Mən bir daha əminliklə ifadə edirəm ki, heç vaxt heç bir terror təşkilatına nə mənəvi, nə də maddi dəstək göstərməmişəm. Bəraət istəyirəm!

FETO kimi alçaq köpəklərə bir qəpik belə yardım etməmişəm, etmərəm də. Mən sadəcə dövlətə, şəhid ailələrinə, tələbələrə yardım etmişəm və bunların hamısının sübutu var”, deyə Mənsimov bildirib.

Mənsimov 1968-ci ildə Bakıda anadan olub. SSRİ dağıldıqdan sonra Rusiyada sahibkarlıq fəaliyyəti ilə məşğul olub, gəmiçilik şirkəti qurub. 1998-ci ildə Türkiyədə “Palmali Group” şirkətini qurub və biznesini oraya köçürüb.

Azərbaycan cəmiyyətində Mənsimov mədəniyyət xadimlərini və tələbələri dəstəkləyən xeyriyyəçi kimi məşhurdur. Amma hakimiyyətin ona qarşı münasibəti kifayət qədər soyuq olub.

Hakimiyyətyönlü KİV-lər onu Azərbaycan hakimiyyətini tənqid edən siyasi mühacirləri dəstəkləməkdə ittiham edirdi.